Trampın tariflərindən ən çox qazanan şirkət

Trampın tariflərindən

ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi yeni idxal tarifləri fonunda Fransanın dəniz daşımaları nəhəngi CMA CGM şirkəti maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

 Monetar.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

 Şirkətin açıqladığı ikinci rüb hesabatına əsasən, geosiyasi qeyri-müəyyənlik və ABŞ-ın yeni tarifləri səbəbindən müştərilərin ehtiyat mallarını artırması yükdaşımaların həcmini və fraxt tariflərini yüksəldib. Bu isə CMA CGM-in gəlir və mənfəətinin artmasına səbəb olub.

 Şirkətin maliyyə direktoru Ramon Fernandes bildirib ki, Yaxın Şərqdəki gərginlik və qlobal təchizat zəncirlərinin sabitliyi ilə bağlı narahatlıqlar müəssisələri əvvəlcədən daha çox mal ehtiyatı toplamağa sövq edir. Onun sözlərinə görə, bu tendensiyanın üçüncü rübdə də davam edəcəyi gözlənilir.

 CMA CGM-in ikinci rübdə gəlirləri illik müqayisədə 19 faiz artaraq 15,7 milyard dollara çatıb. Xalis mənfəət isə 520 milyon dollardan 770 milyon dollara yüksəlib. Şirkət bu nəticələri Çin ixracının artması və ABŞ bazarında yüksək tələbatla əlaqələndirib.

 Bununla yanaşı, Yaxın Şərqdə davam edən münaqişə sığorta və yanacaq xərclərini artırsa da, yükdaşımaların genişlənməsi bu əlavə xərcləri kompensasiya edib.

 ABŞ Ticarət Nümayəndəliyinin məlumatına görə, yeni idxal tarifləri 60 ölkəyə şamil olunur. Tariflərin məqsədi ABŞ-ın ticarət tərəfdaşlarını qlobal təchizat zəncirində məcburi əməyin aradan qaldırılması istiqamətində daha fəal addımlar atmağa təşviq etməkdir.