Aİ Rusiya ilə əlaqələrə görə 1,6 mindən çox şirkətə sanksiyalar hazırlayır

Aİ Rusiya ilə əlaqələrə görə 1,6 mindən çox şirkətə

Avropa İttifaqı Rusiya ilə əlaqəli olduğu iddia edilən 1,6 mindən çox şirkətə qarşı yeni sanksiyalar paketi hazırlayır. Bu, hüquqi şəxslərin sayı baxımından indiyədək Aİ-nin ən genişmiqyaslı sanksiyalar paketi ola bilər.

Monetar.az xəbər verir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulan şirkətlərin ümumi illik dövriyyəsi 20 milyard ABŞ dollarını ötür, onların ümumi işçi sayı isə təxminən 265 min nəfərdir.

Agentliyin yazdığına görə, yeni paket üzərində Avropa Xarici Fəaliyyət Xidməti bir neçə aydır işləyir. Məqsəd indiyədək məhdudiyyətlərdən kənarda qalan Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli müəssisələri də sanksiya siyahısına daxil etməkdir.

Bununla yanaşı, Bloomberg qeyd edir ki, yeni məhdudiyyətlərin iqtisadi təsiri əvvəlki paketlərlə, xüsusilə də Rusiya neft sektoru və bank sistemini hədəf alan sanksiyalarla müqayisədə daha məhdud ola bilər.

Mənbələrin bildirdiyinə görə, sənəd layihəsi yaxın həftələrdə Aİ üzv dövlətlərinə təqdim ediləcək ki, onlar onunla əvvəlcədən tanış ola bilsinlər. Yeni sanksiyalar paketinin oktyabr ayında Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə təsdiqlənməsi planlaşdırılır.

Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini iyulun 23-də qəbul edib. Həmin paket çərçivəsində 170 hüquqi şəxs və 48 fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq olunub. Sanksiyalar Rusiya banklarını, enerji və müdafiə sektorunda fəaliyyət göstərən müəssisələri, həmçinin Brüsselin fikrincə, sanksiyaların dolanılmasına kömək edən üçüncü ölkə şirkətlərini əhatə edib.