Bankların komissiya gəlirləri xərcləri qarşılamır

Bankların komissiya gəlirləri

Azərbaycan Mərkəzi Bankının (AMB) 2026-cı ilin ilk yarısı üzrə statistik məlumatlarına əsasən, bank sektorunda komissiya əməliyyatları üzrə gəlir və xərclər arasında əhəmiyyətli fərq qeydə alınıb.

Hesabata görə, 2026-cı ilin yanvar–iyun aylarında bankların qeyri-faiz gəlirləri 1 milyard 10,6 milyon manat təşkil edib. Bu gəlirlərin əsas istiqamətlərindən biri olan hesablaşma və komissiya xidmətləri üzrə gəlirlər 221 milyon manat olub.

Eyni dövrdə bankların komissiya və xidmətlərlə bağlı xərcləri isə 548,9 milyon manat təşkil edib. Nəticədə komissiya əməliyyatları üzrə xərclər gəlirləri 327,9 milyon manat üstələyib.

Məlumatlara əsasən, bankların komissiya xidmətləri üzrə xərclərinin yüksək olması əsasən ödəniş sistemləri, kart infrastrukturu, texnoloji həllər, prosessinq və digər xidmətlər üzrə ödənişlərlə bağlıdır.

AMB-nin statistik göstəriciləri göstərir ki, bankların əsas gəlir mənbəyi hazırda kreditləşmə və faiz gəlirləri olaraq qalır. Belə ki, ilin ilk 6 ayında bankların xalis faiz gəlirləri 1 milyard 688,1 milyon manat təşkil edib.

Ekspertlərin fikrincə, rəqəmsal bankçılığın genişlənməsi və nağdsız ödənişlərin artması fonunda banklar üçün komissiya xidmətlərinin səmərəliliyinin artırılması və əməliyyat xərclərinin optimallaşdırılması əsas istiqamətlərdən biri olaraq qalır.

MONETAR.AZ