Bu ilin ilk yarısında muzey və qoruqların 464 minə yaxın ziyarətçisi olub

Bu ilin ilk yarısında muzey və qoruqların 464 minə yaxın

2026-cı ilin yanvar–iyun aylarında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinin mühafizəsi, bərpası, rəqəmsallaşdırılması və idarə olunması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirib. Bu barədə AZƏRTAC-a Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidmətinin məlumatına görə, görülən işlərin nəticələrini əks etdirən "Mədəni irs icmalı" hazırlanıb. Hesabat "Azərbaycan Mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasında müəyyən edilmiş strateji prioritetlərə uyğun olaraq həyata keçirilən tədbirləri əhatə edir.

Hazırda Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş 6 114 tarix-mədəniyyət abidəsindən 4 377-nə, eləcə də 1 400-dən çox yeni aşkar edilmiş tarix və mədəniyyət əhəmiyyətli obyektə nəzarət edir.

Hesabat dövrünün mühüm nəticələrindən biri Vahid Mədəniyyət Reyestri informasiya sisteminin yaradılması olub. Bu sistem vasitəsilə ölkə üzrə 3 709 daşınmaz mədəni irs obyekti vahid rəqəmsal platformaya inteqrasiya edilərək coğrafi informasiya sistemi (GIS) texnologiyaları ilə əlaqələndirilib.

Muzey fondlarının zənginləşdirilməsi istiqamətində də mühüm nəticələr əldə olunub. Hazırda ölkə muzeylərinin əsas fondlarında qorunan eksponatların sayı 1 milyon 137 min 883-ə çatıb. İlk altı ay ərzində fondlara 3 893 yeni eksponat əlavə olunub, Vahid Mədəniyyət Reyestrinə daxil edilmiş muzey eksponatlarının sayı isə 29 551 olub.

Tarix-mədəniyyət abidələrinin qorunması məqsədilə hesabat dövründə 200 preventiv tədbir həyata keçirilib, hüquq-mühafizə orqanlarına 60 müraciət göndərilib, 32 inzibati tənbeh qərarı qəbul olunub və qanunvericiliyin pozulması ilə bağlı 1 cinayət işi başlanıb.

Abidələrin qorunmasının hüquqi əsaslarının gücləndirilməsi çərçivəsində fiziki və hüquqi şəxslərlə 183 mühafizə müqaviləsi bağlanıb. Bundan əlavə, 98 tarix-mədəniyyət abidəsinin mühafizə zonasının layihəsi təsdiqlənib, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri üzrə 73 rəy hazırlanıb, daha 98 abidə isə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə (TEKUİS) daxil edilib.

Bərpa və konservasiya istiqamətində bir tarix-mədəniyyət abidəsində işlər başa çatdırılıb. Hazırda daha 3 abidədə bərpa-konservasiya işləri aparılır, digər 3 abidə üzrə isə layihə-smeta sənədləri hazırlanır. Bununla yanaşı, abidə mülkiyyətçilərinin və istifadəçilərinin vəsaiti hesabına hazırlanmış 72 təmir-bərpa layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edilib.

Daşınar mədəni irsin qorunması çərçivəsində 880 eksponat bərpa-konservasiya olunub, 362 eksponat üzrə isə işlər davam edir. Arxeoloji tədqiqatlar məqsədilə 24 ekspedisiyaya icazə verilib və aparılan qazıntılar nəticəsində 636 artefakt aşkar olunub.

Hesabat dövründə 3 134 mədəni sərvətin ixracına dair mühafizə şəhadətnaməsi, həmçinin 122 muzey əşyası və kolleksiyasının müvəqqəti ölkədən kənara çıxarılmasına icazə verilib. Bundan başqa, 65 mədəni sərvət üzrə ekspertiza aparılıb.

2026-cı ilin ilk yarısında Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqları ümumilikdə 463 965 nəfər ziyarət edib. Onlardan 342 305 nəfəri muzeylərə, 121 660 nəfəri isə tarix-mədəniyyət qoruqlarına baş çəkib. Bu müddətdə rəqəmsal platformalar vasitəsilə 138 718 bilet və ekskursiya xidməti satılıb.

Ən çox ziyarət edilən qoruq 63 906 ziyarətçi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Sonrakı yerlərdə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba Soyqırımı Memorial Kompleksi qərarlaşıb.

Dövlət Xidmətinin fəaliyyəti beynəlxalq səviyyədə də qiymətləndirilib. 2026-cı ilin ilk yarısında rəqəmsallaşdırma, innovasiya, məlumatlara əsaslanan mühafizə və ictimai iştirakçılıq sahələrində həyata keçirilən layihələrə görə qurum nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən 5 mükafata layiq görülüb.