Finteksdə optimallaşdırma fonunda Visa işçilərinin 7 faizini ixtisar edir

Finteksdə optimallaşdırma fonunda Visa işçilərinin

Visa Inc.-in işçi heyətinin təxminən 7%-ni ixtisar etməyi planlaşdırdığı barədə məlumatlardan sonra şirkətin səhmləri dünən ticarət sessiyasında 2% bahalaşıb.

Bloomberg-in tanış olduğu baş icraçı direktor Rayan Makinerninin daxili memorandumuna əsasən, restrukturizasiya çərçivəsində əsasən texnologiya və məhsul bölmələrində təxminən 2 600 ştat vahidi ləğv ediləcək. Qərar son on ildə Visa-nın əməkdaş sayını üç dəfədən çox artıraraq 34 100 nəfərə çatdırmasından sonra qəbul edilib.

Şirkətin planına görə, ixtisarlar hesabına qənaət edilən vəsait korporativ ödənişlər, sərhədlərarası tranzaksiyalar, steyblkoin infrastrukturu və biznes həlləri kimi strateji inkişaf istiqamətlərinə yönəldiləcək.

Makinerni memorandumda qeyd edib ki, süni intellekt bütün təşkilat üzrə iş proseslərinin transformasiyasını sürətləndirir. Bununla belə, Visa nümayəndələri vurğulayıblar ki, avtomatlaşdırma aparılan ixtisarların əsas səbəbi deyil. Şirkətin restrukturizasiyası daha çox finteks sektorunda müşahidə olunan xərclərin optimallaşdırılması və resursların daha yüksək gəlir potensialına malik sahələrə yönəldilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Bu tendensiya sektorda təkcə Visa ilə məhdudlaşmır. Rəqib Block Inc. yaxın vaxtlarda daha sərt addım ataraq işçi heyətinin təxminən 40%-ni, yəni 4 000-ə yaxın əməkdaşı ixtisar edib. Şirkətin baş icraçı direktoru Cek Dorsi bunu süni intellekt texnologiyalarının məhsuldarlığı əhəmiyyətli dərəcədə artırması ilə əsaslandırıb və bildirib ki, Sİ əsaslı alətlər daha kiçik komandaların daha böyük kollektivlər qədər səmərəli işləməsinə imkan yaradır.

Visa isə fərqli yanaşma nümayiş etdirir. Şirkət ixtisarları əməkdaşların süni intellektlə əvəzlənməsi kimi deyil, kapitalın ənənəvi fəaliyyət istiqamətlərindən yeni nəsil ödəniş texnologiyalarına və perspektivli biznes sahələrinə yenidən bölüşdürülməsi strategiyası kimi təqdim edir.

MONETAR.AZ