Ali təhsil müəssisələrinin sərgisində 40 universitet təmsil olunur

Ali təhsil müəssisələrinin sərgisində 40 universitet

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi “Ali təhsil müəssisələrinin sərgisi”ndə 40 dövlət və özəl universitet iştirak edir.

AZƏRTAC xəbər verir ki, bunu DİM-in aparat rəhbəri Vəfadar Misirov iyulun 29-da elektron imtahanlar korpusunda keçirilən sərginin açılış mərasimində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sərgidə ali təhsil müəssisələri ilə yanaşı, DİM, “Abituriyent” jurnalı, OTK.az sınaq imtahanları portalı və Psixoloq.az psixoloji dəstək platforması da stendlərlə təmsil olunur.

Vəfadar Misirov qeyd edib ki, sərginin əsas məqsədi abituriyentlərə ixtisas seçimi prosesində dəstək göstərmək və ali təhsil müəssisələrinin təhsil imkanlarını təqdim etmələri üçün vahid platforma yaratmaqdır.

Universitet nümayəndələri sərgidə tədris proqramları, təhsil şəraiti, maddi-texniki baza, təqaüd imkanları və təhsil haqları barədə məlumat verir, abituriyentlər və valideynlərin suallarını cavablandırırlar.

DİM rəsmisinin sözlərinə görə, sərgi iyulun 29–31-də keçiriləcək. Tədbirdə iştirak üçün indiyədək 3 minə yaxın şəxs qeydiyyatdan keçib. Qeydiyyat DİM-in rəsmi internet səhifəsi vasitəsilə aparılır və iştirakçılar sərgiyə gələcəkləri tarix və saatı əvvəlcədən seçə bilirlər.

Sərgidə iştirak ödənişsizdir və tədbirin abituriyentlərin gələcək peşə və ixtisas seçimi ilə bağlı daha dolğun məlumat əldə etməsinə, həmçinin ali təhsil müəssisələrinin təbliğinə töhfə verəcəyi gözlənilir.