Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir. Kitabsevərlər xüsusi insanlar sayılır. Onlar elektron resurslardan istifadə etmədən, ənənəvi “canlı” kitabları oxumağa üstünlük verirlər. Müasir dünyada yeni kitab almaq üçün gününü kitab mağazalarında və kitabxanalarda keçirən insanlara əvvəlki qədər tez-tez rast gəlinməsə də, kitaba olan maraq və sevgi hələ də öz əhəmiyyətini qoruyur.
Bu gün münasibətilə bütün kitabsevərləri təbrik etmək, onlara sevdikləri kitabları hədiyyə etmək, maraqlı əsərlər təqdim etmək və kitab oxumağın əhəmiyyətini bir daha xatırlatmaq mümkündür.
Bir çox bayram əvvəlcə ayrı-ayrı ölkələrdə yaranaraq milli xarakter daşıyır, daha sonra isə müxtəlif ölkələrdə tanınaraq beynəlxalq səviyyədə qeyd olunan qeyri-rəsmi bayramlara çevrilir. Kitabsevərlər Günü ilə bağlı ənənə də bu cür formalaşıb.
ABŞ-da yaranan Kitabsevərlər Günü qısa müddət ərzində dünyanın müxtəlif yerlərində maraq qazanaraq Beynəlxalq Kitabsevərlər Gününə çevrilib. Bu qeyri-rəsmi bayram hər il avqustun 9-da qeyd olunur və insanları kitab oxumağa, mütaliəyə vaxt ayırmağa və ədəbiyyatın yaratdığı zəngin dünyanı kəşf etməyə təşviq edir.
MONETAR.AZ