Cari ilin yanvar–iyul aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin xidmətlərindən 6,4 milyondan çox sərnişin istifadə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
ADY-dən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə Abşeron dairəvi dəmir yolu xətti ilə 6 milyondan çox sərnişin daşınıb ki, bu da illik müqayisədə 16% artım deməkdir. Rayonlararası marşrutlarla isə təxminən 347 min sərnişin səfər edib və bu istiqamətdə sərnişindaşıma 18% artıb.
Təkcə iyul ayında dəmir yolu nəqliyyatından ümumilikdə 951 mindən çox sərnişin istifadə edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 15% çoxdur.
İyul ayında Abşeron dairəvi dəmir yolu xətti ilə 876 min sərnişin daşınıb. Bu istiqamətdə sərnişindaşıma illik müqayisədə 12% artıb.
Rayonlararası marşrutlarla isə iyul ayında 57 min 840 sərnişin səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 24,5% artıma uyğundur.
