Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismarı ilə bağlı yeni qaydaları təsdiqləyib. Monetar.az xəbər verir ki, qərar Bakı şəhəri və ətraf ərazilərdə dəmir yolu xətlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub.
Yeni qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmir yolu xəttinin oxunun hər iki tərəfində 11 metr məsafədə yerləşən və xüsusi istifadə rejiminə malik torpaq sahələrini əhatə edir.
Qaydalara uyğun olaraq, təhlükəsizlik zonasında qoruyucu çəpərlərin quraşdırılması, xəbərdarlıq nişanlarının yerləşdirilməsi və girişlərin yalnız xüsusi texniki keçidlər vasitəsilə təmin edilməsi nəzərdə tutulur.
Sənədə əsasən, təhlükəsizlik zonası fasiləsiz videomüşahidə sistemi ilə təmin edilməlidir. Quraşdırılan kameralar 24/7 rejimində işləməli, görüntüləri qeydə almalı və arxivləşdirməlidir.
Yeni tələblərə görə, təhlükəsizlik zonasında dəmir yolu infrastrukturunun fəaliyyətinə mane ola biləcək işlərin görülməsi, heyvanların saxlanılması, kənd təsərrüfatı fəaliyyəti, tikinti işləri və nəqliyyat təyinatından kənar istifadəyə icazə verilməyəcək.
Həmçinin həmin ərazilərdə qum, gil və digər tikinti materiallarının çıxarılması, torpaq işlərinin aparılması, müvəqqəti və daimi qurğuların yerləşdirilməsi qadağan edilir.
Dəmir yolu təhlükəsizlik zonasına kənar şəxslərin və nəqliyyat vasitələrinin daxil olması yalnız “Azərbaycan Dəmir Yolları” QSC-nin razılığı ilə mümkün olacaq. Müraciətlərə bir iş günü ərzində baxılacaq.
Qaydalar Bakı–Xırdalan–Sumqayıt, Bakı–Pirşağı–Sumqayıt dəmir yolu xətlərinin təkmilləşdirilməsi, eləcə də Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Yeni Suraxanı–Hövsan və Güzdək–Qaradağ xətlərinin bərpası layihələri çərçivəsində tətbiq olunacaq.