Möhtəşəm "Lamborghini" hərracda qiymət rekordu qıra bilər

Möhtəşəm "Lamborghini" hərracda

"Lamborghini Murciélago LP 670-4 SV" modelinin son dərəcə nadir nüsxələrindən biri qarşıdan gələn hərracda bu model üzrə yeni qiymət rekordu müəyyənləşdirə bilər.

Söhbət "Marrone Eklipsis" qəhvəyi rəngində istehsal edilmiş yeganə avtomobildən və mexaniki ötürmələr qutusu ilə təchiz olunmuş cəmi beş "Murciélago LP 670-4 SV" modelindən birindən gedir. Sant-Aqata-Bolonyezdəki zavodun konveyerindən çıxmış son mexaniki transmissiyalı LP 670-4 SV olmaqla yanaşı, bu avtomobil həm də V12 mühərriki və üçpedallı mexaniki ötürmələr qutusu ilə buraxılan son seriyalı "Lamborghini" modeli hesab edilir.

"RM Sotheby’s" hərrac evinin məlumatına görə, avtomobil Avropa spesifikasiyasına uyğundur və ABŞ-nin Federal Avtomobil Təhlükəsizliyi Standartlarına, eləcə də Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) emissiya tələblərinə cavab vermədiyi üçün istehsal tarixindən 25 il keçənədək — yəni 2035-ci ilə qədər ABŞ-yə idxal edilə bilməz.

Hazırda avtomobil Kanadada olsa da, ekspertlər onun tarixdə ən yüksək qiymətə satılan "Murciélago" olacağını gözləyirlər.

"SV" versiyası atmosfer tipli V12 mühərrikli "Murciélago" ailəsinin son və ən güclü modifikasiyası olub. Modeldə 6,5 litrlik V12 mühərrikin gücü 670 at gücünə çatdırılıb, avtomobilin çəkisi azaldılıb və aerodinamikası təkmilləşdirilib.

Ümumilikdə bu modifikasiyadan təxminən 300 ədəd istehsal olunub.

Modelin fərqləndirici xüsusiyyətlərindən biri iri karbon arxa spoyler əvəzinə daha kiçik spoylerin istifadə edilməsidir. Bu həll avtomobilə daha təmkinli görünüş qazandırmaqla yanaşı, maksimal sürəti 336 km/saatdan 341 km/saata yüksəldib.

Hərraca çıxarılan nüsxə "Marrone Eklipsis" kuzov rəngi və qızılı təkər diskləri ilə seçilir. İnteryer isə fərdi sifariş əsasında hazırlanıb: salon "Marrone Janus" rəngli dəri və alkantara elementləri ilə işlənib, "LP640" modelindən götürülmüş oturacaqlar isə kontrast tikişli "Avorio Lilium" rəngli dəri ilə üzlənib.

 

MONETAR.AZ