Azərbaycanda dövlət müəssisələrinin maliyyə dayanıqlığının beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsi məqsədilə Fiskal Risk Reytinqi sistemi hazırlanıb.
Maliyyə Nazirliyinin məlumatına görə, yeni yanaşma çərçivəsində dövlət müəssisələrinin maliyyə sağlamlığının sektorlar və risk dərəcələri üzrə qiymətləndirilməsi üçün Fiskal Risk Reytinqi, maliyyə əmsallarının hədd bazası, eləcə də bu hədlərin riyazi və metodoloji əsaslandırılmasını özündə əks etdirən təlimatlar (pasportlar) hazırlanıb.
Bununla yanaşı, 2020–2026-cı illər üzrə dövlət müəssisələrinə dair büdcə daxilolmalarını (dividendlər) və büdcə xərclərini (investisiya, subsidiya, borc öhdəlikləri və s.) əhatə edən vahid uçot bazası yaradılıb, həmin məlumatlar əsasında illər üzrə fiskal balans hesablanıb.
Prezident İlham Əliyevin 30 dekabr 2025-ci il tarixli 570 nömrəli Fərmanının icrası çərçivəsində 2026-cı ilin birinci yarısında 10 dövlət müəssisəsinin 2023–2025-ci illər üzrə maliyyə göstəriciləri monitorinq olunub. Təhlillərin nəticələrinə dair hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.
Eyni zamanda, Prezidentin 26 may 2026-cı il tarixli 675 nömrəli Fərmanı ilə dövlət müəssisələrinin müşahidə şuralarında Maliyyə Nazirliyinin təmsilçiliyi genişləndirilib. Bundan əlavə, dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borclanmasını tənzimləyən qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.
Yeni qiymətləndirmə mexanizminin dövlət müəssisələrinin maliyyə dayanıqlığının daha effektiv izlənilməsinə, fiskal risklərin vaxtında müəyyən edilməsinə və dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın artırılmasına xidmət edəcəyi gözlənilir.