Çin ən varlı vətəndaşlarının xaricdəki aktivlərini yoxlamağa başlayıb

Çin ən varlı vətəndaşlarının xaricdəki aktivlərini

Çin hakimiyyəti imkanlı vətəndaşların bəyan edilməmiş xarici gəlir və aktivlərini aşkar etmək məqsədilə genişmiqyaslı vergi yoxlamalarına başlayıb. Financial Times-ın məlumatına görə, banklara və digər maliyyə institutlarına müştərilərin xarici investisiyalarını araşdırmaq, həmin aktivlər üzrə vergilərin ödənilib-ödənilmədiyini yoxlamaq tapşırılıb. Bəzi hallarda araşdırmalar 2000-ci ildən etibarən həyata keçirilmiş əməliyyatları əhatə edir.

Yoxlamaların mərkəzində xaricdəki daşınmaz əmlak, səhmlər, qiymətli metallar, kriptovalyutalar və digər investisiya alətlərindən əldə olunan gəlirlər dayanır. Çinli bankirlərdən birinin sözlərinə görə, bəzi maliyyə qurumları vergi orqanları ilə əməkdaşlıq çərçivəsində müştərilər xarici gəlirlər üzrə vergi öhdəliklərini yerinə yetirənədək onların hesablarına çıxışı məhdudlaşdırır. Mənbənin bildirdiyinə görə, belə hallarda müştərilər hesablarını bərpa etmək üçün adətən vergiləri və cərimələri operativ şəkildə ödəyirlər.

Yoxlamaların əhatə etdiyi dövr müxtəlifdir. Məsələn, Şençjendə fəaliyyət göstərən bir ailə ofisinin (family office) müştərilərindən 2017–2022-ci illər üzrə xarici aktivlərdən əldə etdikləri gəlirlərə görə vergi ödəmələri tələb olunub. Digər hallarda isə araşdırmalar 2000-ci ildən sonrakı dövrü əhatə edir. Hakimiyyət orqanları konkret vaxt çərçivələrinin hansı meyarlarla seçildiyini açıqlamayıb.

Ekspertlər hesab edirlər ki, kampaniyanın arxasında əsasən fiskal səbəblər dayanır. 2025-ci ildə Çində vergi daxilolmaları 1,7% azalaraq 21,6 trilyon yuana (təxminən 3,2 trilyon dollar) enib. Eyni zamanda, daşınmaz əmlak sektorundakı böhran fonunda torpaq satışından əldə olunan dövlət gəlirləri 2021-ci ildəki 8,7 trilyon yuanlıq pik səviyyədən 4,15 trilyon yuana qədər geriləyib.

San-Dieqodakı Kaliforniya Universitetinin professoru Viktor Şixin fikrincə, xarici aktivlərə nəzarətin sərtləşdirilməsi ilk növbədə dövlət büdcəsində yaranan təzyiqlərlə bağlıdır. Pekin son illərdə ofşor trastlara ötürülən aktivlərin vergitutma qaydalarını sərtləşdirib. Hazırda belə aktivlərdən əldə olunan gəlirlər bəzi hallarda 20%-dək vergi dərəcəsi ilə vergiyə cəlb olunur. Bundan əlavə, xarici maliyyə alətləri üzrə dividendlər və faiz gəlirləri də daha ciddi nəzarət altına alınıb.

Nəzarətin gücləndirilməsi artıq vergi daxilolmalarında özünü göstərməyə başlayıb. 2025-ci ildə fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 11,5% artdığı halda, ümumi vergi gəlirlərinin artımı cəmi 0,8% təşkil edib.

Financial Times-ın mənbələrinin məlumatına görə, hazırda əsas diqqət Honq Konq və digər ofşor maliyyə mərkəzləri vasitəsilə ABŞ səhmlərinə investisiya yatıran Çin vətəndaşlarına yönəlib. Bununla belə, gələcək mərhələdə yoxlamaların xarici bank hesablarını, daşınmaz əmlakı və digər xarici aktivləri də daha geniş şəkildə əhatə edəcəyi istisna edilmir.

MONETAR.AZ