Alimlər ilk dəfə yeni viruslar yaratmaq üçün süni intellektdən istifadə ediblər

Alimlər ilk dəfə yeni viruslar yaratmaq üçün süni intellektdən

ABŞ-da alimlər ilk dəfə yeni virus növləri yaratmaq üçün süni intellektdən (Sİ) istifadə ediblər. Bu barədə "The New York Times" qəzeti yazır.

"Alimlər ilk dəfə yeni tip viruslar yaratmaq üçün süni intellektdən istifadə ediblər. Bu, tibbi kəşflərə ümid bəsləsə də, eyni zamanda bu texnologiyanın nə vaxtsa təhlükəli patogenlər kəşf etmək üçün istifadə oluna biləcəyi barədə narahatlıq doğuran düşüncə yaradır", — deyə məqalədə bildirilir.

Bu işin müəllifləri Stenford Universiteti və "Arc Institute" tədqiqat təşkilatının alimləri olublar. Onlar Sİ modelinə təbiətdə rast gəlinən DNT strukturundakı qanunauyğunluqları tanımağı, daha sonra isə bu məlumatlardan tamamilə yeni virusların "reseptlərini" hazırlamaq üçün istifadə etməyi öyrədiblər.

Qəzetin dəqiqləşdirdiyinə görə, mütəxəssislər bu reseptlərdən DNT molekullarını sintez etmək üçün istifadə edib, sonra onları bakteriyalara daxil ediblər. Modifikasiya olunmuş bakteriyalar əvvəllər təbiətdə rast gəlinməyən viruslar istehsal ediblər. Bu virusların digər bakteriyaları yoluxdurmaq qabiliyyətinə malik olduğu və bununla da onların həyat qabiliyyəti sübuta yetirilib.

Avqustun 4-də genetik, Sibir Federal Universitetinin və Gettingen Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı elmi işçisi Konstantin Krutovski "Gazeta.Ru"ya müsahibəsində bildirib ki, süni intellektin köməyi ilə bioloji silahı tez bir zamanda yaratmaq mümkündür, lakin heyvanlar və insanlar üzərində sınaqların keçirilməsi səbəbindən ondan müdafiə üsullarının yaradılması daha çox vaxt aparacaq.

Bununla belə, ekspertin sözlərinə görə, Sİ nəhəng genetik məlumat massivlərinin təhlilini, zülalların xassələrinə təsir edən mutasiyaların axtarışını, zülal strukturunun modelləşdirilməsini, yeni molekulların layihələndirilməsini və eksperimentlərin planlaşdırılmasını əhəmiyyətli dərəcədə sürətləndirməyə qadirdir, lakin kompüter layihəsi ilə real patogenin yaradılması arasında böyük məsafə var.

Əvvəllər bildirilib ki, "ChatGPT" istifadəçilərin sorğusu ilə bioloji silah və təhlükəli zəhərlər yaratmağı öyrədib.

MONETAR.AZ