Ağıllı məişət cihazları dünya üzrə getdikcə daha geniş yayılır. Monetar.az xəbər verir ki, “Statista Consumer Insights” araşdırmasının nəticələrinə əsasən, Çin ev təsərrüfatları bu texnologiyalardan istifadə səviyyəsinə görə digər ölkələri geridə qoyur.
Araşdırmaya görə, Çində sorğuda iştirak edənlərin 63 faizi evində ağıllı məişət cihazlarının olduğunu bildirib. Bu göstəriciyə robot tozsoranlar, ağıllı mikrodalğalı sobalar və digər rəqəmsal məişət avadanlıqları daxildir.
Siyahıda ikinci yeri Hindistan tutur. Ölkədə respondentlərin 51 faizi ağıllı məişət cihazlarından istifadə etdiyini qeyd edib. Cənubi Afrikada bu göstərici 50 faiz, İsveçdə 41 faiz, Avstraliyada 40 faiz, Braziliyada isə 39 faiz təşkil edib.
ABŞ-da ağıllı məişət texnologiyalarının yayılma səviyyəsi 36 faiz olub. Almaniyada isə bu göstərici 34 faiz təşkil edib ki, bu da ABŞ-la oxşar səviyyədir.
Ekspertlərin fikrincə, Çin və Hindistanda ağıllı cihazlara marağın yüksək olması texnologiyalara daha sürətli uyğunlaşma, rəqəmsal xidmətlərin geniş yayılması və istehlakçıların yeni nəsil məişət həllərinə marağı ilə əlaqələndirilir.