"Windows" əməliyyat sistemində tətbiqləri sadəcə "Zibil qutusu"na (Recycle Bin) göndərməklə onları tamamilə silmək mümkün olmaya bilər. Bu barədə "PCWorld" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, xüsusilə "Microsoft Store" vasitəsilə quraşdırılan tətbiqlər düzgün qaydada silinmədikdə onların faylları sistemdə qalmağa davam edir. Mütəxəssislər bildirirlər ki, belə proqramları tam silmək üçün Parametrlər (Settings) → Proqramlar (Apps) → Quraşdırılmış tətbiqlər (Installed apps) və ya "Proqramlar və xüsusiyyətlər" (Apps & features) bölməsindən istifadə edilməlidir.
Məqalədə qeyd olunur ki, "Microsoft Store" tətbiqləri MSIX formatında təqdim edilir. Bu tip proqramlar yanlış üsulla silindikdə əməliyyat sistemi onları yalnız istifadəçidən gizlədir. Lakin proqramın icra olunan faylları, reyestr qeydləri və digər sistem komponentləri kompüterdə qalaraq yaddaşdan istifadə etməyə davam edir.
"PCWorld" həmçinin "Microsoft" şirkətinin aparıcı proqramçısı Hovard Kapusteynə istinadən bildirir ki, tətbiq səhv silindikdə onu artıq işə salmaq mümkün olmur, lakin proqramın qalıq faylları sistemdə saxlanılır və diskdə yer tutmağa davam edir.
Bundan əvvəl "BGR" nəşri də xəbərdarlıq etmişdi ki, mütəmadi yenilənmələr quraşdırılmayan "Windows" kompüterləri viruslar və kiberhücumlar qarşısında daha həssas olur. Nəşr istifadəçilərə təhlükəsizlik risklərini minimuma endirmək üçün əməliyyat sistemi və proqram yeniləmələrini vaxtında quraşdırmağı tövsiyə edib.
MONETAR.AZ