Qazaxıstanda süni intellekt birinci sinifdən tədris olunacaq

Qazaxıstanda süni intellekt birinci sinifdən

Qazaxıstanda məktəblərdə süni intellekt fənni birinci sinifdən etibarən tədris ediləcək. Bu barədə ölkənin Elm və Təhsil Nazirliyi rəsmi Telegram kanalında məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, texnologiyaların sürətli inkişafı, əmək bazarının dəyişən tələbləri və süni intellektin həyatın müxtəlif sahələrində geniş tətbiqi təhsil proqramlarının müasir dövrün tələblərinə uyğun yenilənməsini zəruri edib.

Yeni proqram çərçivəsində 1–4-cü siniflərdə tədris olunan "Rəqəmsal savadlılıq" fənni "Rəqəmsal savadlılıq və süni intellekt", 5–11-ci siniflərdə keçirilən "İnformatika" fənni isə "İnformatika və süni intellekt" adlandırılacaq.

İbtidai sinif şagirdləri süni intellekt anlayışı ilə gündəlik həyatdan sadə nümunələr vasitəsilə tanış olacaqlar. 5–9-cu siniflərdə şagirdlərə süni intellekt alətlərindən tədris prosesində səmərəli istifadə, düzgün sorğuların (promptların) hazırlanması, əldə olunan nəticələrin tənqidi qiymətləndirilməsi, eləcə də kibertəhlükəsizlik və akademik dürüstlük prinsiplərinə əməl edilməsi öyrədiləcək.

Yuxarı siniflərdə isə proqram daha dərin mövzuları əhatə edəcək. Şagirdlər maşın təlimi (machine learning), neyron şəbəkələri, məlumatların təhlili, tətbiqi kriptoqrafiyanın əsasları və süni intellekt sistemlərinin işləmə prinsipləri ilə tanış olacaqlar.

Nazirlik bildirib ki, yeni tədris proqramı hazırda təsdiqlənmə mərhələsindədir. Sənəd ötən il pilot layihə çərçivəsində sınaqdan keçirilib və ekspertlər tərəfindən müsbət qiymətləndirilib.

Bununla yanaşı, müəllimlər üçün də dərs prosesində süni intellektdən istifadəyə dair metodik vəsaitlər və tövsiyələr hazırlanır.

Müqayisə üçün qeyd edək ki, Rusiyada da "Süni intellekt" profili 2026-cı il sentyabrın 1-dən məktəb proqramına daxil ediləcək. Lakin bu istiqamət yalnız informatika fənninin dərinləşdirilmiş tədrisi çərçivəsində tətbiq olunacaq. Bu barədə may ayında Rusiyanın maarif naziri Sergey Kravtsov məlumat vermişdi.

Rusiya Elm və Təhsil Nazirliyinin federal siyahısına daxil edilən "Süni intellektə giriş" dərslikləri 5–9-cu sinif şagirdləri üçün nəzərdə tutulub. Bundan əvvəl isə süni intellekt mövzusu məktəblilər arasında keçirilən informatika üzrə ümumrusiya olimpiadasının proqramına da daxil edilmişdi.

MONETAR.AZ