Yeni Zelandiya Rusiyaya qarşı 36-cı sanksiyalar paketini tətbiq edib

Yeni Zelandiya Rusiyaya qarşı 36-cı sanksiyalar paketini

Yeni Zelandiya Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləyən 33 fiziki və hüquqi şəxsə qarşı sanksiyaların tətbiq edildiyini elan edib. Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, bu, Rusiyaya qarşı artıq 36-cı sanksiyalar paketidir.

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters bəyan edib ki, yeni tədbirlər paketində "ukraynalı uşaqların qaçırılması və yenidən tərbiyə olunması" prosesində əli olan şəxslərə xüsusi diqqət yetirilib. Bundan əlavə, nazirin sözlərinə görə, məhdudiyyətlər Rusiyanın siyasi xadimlərinə, hərbi-sənaye kompleksi ilə əlaqəli strukturlara, KXDR və İran nümayəndələrinə, anti-Ukrayna təbliğatının yaradıcılarına, eləcə də Moskvanın maraqları naminə fəaliyyət göstərən haker qruplaşmalarının üzvlərinə şamil olunur.

XİN-in saytındakı reyestrə əsasən, sanksiyalar Jukovski adına Mərkəzi Aero-Hidrodinamika İnstitutuna, Aleksin Kimya Kombinatına, Kolomna Zavoduna ("Transmaşholdinq"in tərkibinə daxildir) qarşı tətbiq edilib. Siyahıya həmçinin İnternetin İnkişafı İnstitutu, "Lanit" şirkəti, "Dialoq" təşkilatı, "Voin" hərbi-vətənpərvərlik tərbiyəsi mərkəzi və "Dvixeniye pervıx" düşüb. Fiziki şəxslər arasında müdafiə nazirinin müavini Pavel Fradkov, Hərbi Dəniz Donanmasının baş komandanı Aleksandr Moiseyev və başqaları var.

XİN-dən əlavə edilib ki, 2022-ci ilin mart ayından bəri Yeni Zelandiya 2 000-dən çox fiziki şəxsə, təşkilata və gəmiyə qarşı sanksiyalar, eləcə də Rusiyaya qarşı bəzi ticarət tədbirləri tətbiq edib.

MONETAR.AZ