Yaponiyanın "Nikkei" agentliyinin hesablamalarına görə, dünyanın dörd aparıcı texnologiya şirkəti — "Amazon", "Alphabet", "Microsoft" və "Meta" ümumilikdə 1,46 trilyon dollar dəyərində maddi aktivlərə (əmlak, tikili və avadanlıqlar) malikdir.
Hesablamalara tədqiqat mərkəzləri, zavodlar, avadanlıqlar, məlumat mərkəzləri (data mərkəzləri), anbarlar, çeşidləmə kompleksləri və digər fiziki infrastruktur aktivləri daxil edilib.
"Nikkei" bildirir ki, son üç ildə bu şirkətlərin PP&E aktivlərinin ümumi dəyəri 140% artıb. Bu artım əsasən yeni obyektlərin tikintisi, süni intellekt infrastrukturunun genişləndirilməsi, yüksək məhsuldarlıqlı avadanlıqların alınması, eləcə də enerji və məlumat mərkəzlərinə yönəldilən çoxmilyardlıq investisiyalar hesabına baş verib.
Ən yüksək artım "Amazon" şirkətində qeydə alınıb. Son üç il ərzində şirkətin maddi aktivlərinin dəyəri təxminən iki dəfə artaraq 538 milyard dollara yüksəlib.
Analitiklər hesab edirlər ki, texnologiya nəhənglərinin fiziki infrastruktura rekord həcmdə sərmayə yatırması süni intellekt sahəsində rəqabətin güclənməsinin, bulud xidmətlərinə artan tələbatın və yüksək hesablama gücü tələb edən yeni texnologiyaların inkişafının nəticəsidir.
MONETAR.AZ