Mis bazarında təklif sürətlə daralır. ABŞ-a yönələn tədarüklərin kəskin artması və Çində idxala tələbatın güclənməsi qlobal qiymətləri yeni tarixi rekordlara yaxınlaşdırır. "Bloomberg"in yazdığına görə, bazarda formalaşan vəziyyət yaxın aylarda misin bir tonunun 15 000 dollara qədər bahalaşa biləcəyi ehtimalını artırır.
Londonda mis fyuçersləri bu həftə bir ton üçün 14 000 dollar həddini keçib. Bu səviyyə cari ildə yalnız bir neçə dəfə müşahidə olunmuşdu. Bazar iştirakçılarının bir qismi hesab edir ki, Çində davam edən spekulyativ alışlar fonunda yanvar ayında qeydə alınmış 14 500 dollarlıq tarixi rekord da yaxın vaxtlarda yenilənə bilər.
Bu dəfə qiymət artımının əsas səbəbi dünyanın iki ən böyük iqtisadiyyatında eyni vaxtda formalaşan yüksək tələbatdır. ABŞ-da mümkün tarif qərarları ərəfəsində mis ehtiyatlarının sürətlə artırılması davam edir. Eyni zamanda treyderlər qlobal qıtlığı qismən kompensasiya etmək üçün daha çox yükü Çinə yönəldirlər. ABŞ-a mis axını ötən ildən başlasa da, Ağ Evin xam misə mümkün idxal rüsumları ilə bağlı qərarı gözlənildiyi üçün son həftələrdə son 12 ilin ən yüksək tempinə çatıb.
ABŞ prezidenti Donald Trampın xam misə tarif tətbiq edib-etməyəcəyi hələ də məlum deyil. Prezidentin bu gün Vaşinqtonda dağ-mədən şirkətlərinin rəhbərləri ilə görüşü bazar tərəfindən diqqətlə izlənilir.
Digər tərəfdən, London Metal Birjasının (LME) anbarlarında ehtiyatlar sürətlə azalır. Son iki həftə ərzində demək olar ki, hər gün 4 000–6 000 ton həcmində mis anbarlardan çıxarılıb. Ən likvid müqavilələri təmin edən ehtiyatlar may ayından bəri 43%-dən çox azalıb. Metalın böyük hissəsi, xüsusilə Tayvan və Cənubi Koreyadakı anbarlardan çıxarılan partiyalar Çinə göndərilir. Son həftələrdə "Mercuria Energy Group", "Trafigura Group", "Vitol Group" və "Hartree Partners" kimi iri treyderlər də LME anbarlarından mis çıxaran əsas iştirakçılar arasında yer alıblar.
Çində vəziyyət də təklif tərəfini daha da gərginləşdirir. Dünyanın ən böyük mis istehlakçısı və istehsalçısı olan ölkədə zavodlar xammal çatışmazlığı səbəbindən istehsalı azaltmağa başlayıblar. Filizin bahalaşması və tərkibində metalın payının azalması emal müəssisələrinin rentabelliyini zəiflədib. Nəticədə idxaldan asılılıq artır, Şanxay Fyuçers Birjasındakı ehtiyatlar isə tədricən tükənir.
Bazarda qısamüddətli qıtlığın klassik əlamətləri də güclənir. Ən yaxın müddətli LME müqavilələrinin üç aylıq fyuçerslər üzərində premiyası cümə axşamı bir ton üçün 153,75 dollara yüksəlib və yanvar ayındakı maksimumu ötüb. Bu vəziyyət – "bekvardasiya" – fiziki bazarda təklif çatışmazlığının artdığını göstərir.
"Citigroup"un metallar üzrə strateqi Tom Malkvin hesab edir ki, hətta qlobal tələb əlavə sürətlənməsə belə, təklif məhdudiyyətləri və ehtiyatların azalması qiymətlərin daha da yüksəlməsi üçün kifayət edə bilər. "ABŞ-dan kənarda ehtiyatlar ümumilikdə çox aşağıdır və bu şərait qiymətlərə birbaşa təsir göstərir", – deyə Malkvin bildirib.
Onun proqnozuna görə, LME anbarlarından mis çıxarılması indiki templə davam edərsə, yaxın aylarda qiymətlər bir ton üçün 15 000 dollara qədər yüksələ bilər.
Bazarın gələcək istiqaməti isə böyük ölçüdə ABŞ administrasiyasının qərarından asılı olacaq. Əgər Vaşinqton saflaşdırılmış misə tarif tətbiq etməzsə, ABŞ-a yönələn axın zəifləyə və Çinə daha çox metal daxil ola bilər. Qeyri-müəyyənliyin davam etməsi isə bazarda gərginliyi və qiymət artımı gözləntilərini qoruyacaq. Tariflərin tətbiqi isə analitiklərin fikrincə, qiymətlərdə növbəti kəskin sıçrayış üçün katalizator ola bilər.
Bazara əlavə təzyiq göstərən digər amil Çində mis qırıntılarının çatışmazlığıdır. Təkrar emal olunan mis ölkədə saflaşdırılmış mis istehsalının təxminən dörddə birini təmin etsə də, qaimə-fakturalara nəzarətin sərtləşdirilməsi kiçik toplayıcıların fəaliyyətini məhdudlaşdırıb. Bu səbəbdən bazarın uzun illər istifadə etdiyi çevik təkrar emal mexanizmi əvvəlki effektivliyini itirməyə başlayıb.
Tom Malkvinin sözlərinə görə, son iki onillikdə məhz mis qırıntıları bazarda təklif çatışmazlığını qismən kompensasiya edən əsas amillərdən biri idi. Hazırkı məhdudiyyətlər isə həmin elastikliyi zəiflədərək qlobal mis bazarında qiymət təzyiqini daha da artırır.
MONETAR.AZ