Bitcoin 65 min dollar həddindən aşağı qalır

Bitcoin 65 min dollar həddindən

Bitcoin dünən axşam 1,27% ucuzlaşaraq 64 300 dollar səviyyəsində bağlanıb və bu gün 65 min dollarlıq mühüm psixoloji həddi yenidən bərpa edə bilməyib.

Kriptovalyuta iyulun əvvəlində 59 min dollardan aşağı səviyyələrdən güclü bərpa nümayiş etdirərək ay ərzində 65 min dollardan yuxarı lokal maksimumlara yüksəlsə də, bu səviyyədə möhkəmlənə bilməyib və yenidən geriləyib.

Həftəlik müqayisədə Bitcoin 2,01% bahalaşıb. Bununla belə, son bir ayda 4,75%, son altı ay ərzində isə 20,61% dəyər itirib.

Bazar iştirakçılarının risk iştahına Yaxın Şərqdəki geosiyasi qeyri-müəyyənlik də təsir göstərir. İranla Hörmüz boğazının açılması üzrə mümkün razılaşmaya dair gözləntilərin zəifləməsi investorların ehtiyatlı mövqe tutmasına səbəb olub. ABŞ rəsmilərinin optimist açıqlamalarına baxmayaraq, tərəflər arasında hələlik yekun razılaşma əldə edilməyib.

İnvestorların əsas diqqəti isə ABŞ-da açıqlanacaq əmək bazarı göstəricilərinə yönəlib. Bazar iştirakçıları kənd təsərrüfatından kənar məşğulluq (Nonfarm Payrolls) hesabatının Federal Ehtiyat Sisteminin növbəti addımlarına dair mühüm siqnallar verəcəyini gözləyirlər.

Analitiklərin proqnozlarına görə, əvvəlki ayla müqayisədə yeni iş yerlərinin sayında mülayim artım qeydə alınacaq. Güclü məşğulluq göstəriciləri ABŞ iqtisadiyyatının dayanıqlığını təsdiqləyərsə, bu, Federal Ehtiyat Sisteminin faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlamaq və ya əlavə sərtləşdirmə imkanlarını nəzərdən keçirmək ehtimalını gücləndirə bilər.

Belə bir ssenari adətən kriptovalyutalar və digər yüksək riskli aktivlər üçün mənfi amil hesab olunur. Buna görə də bazar iştirakçıları yeni makroiqtisadi məlumatlar açıqlanana qədər ehtiyatlı mövqe tutmağa üstünlük verirlər.

MONETAR.AZ