"Bernstein" şirkətinin "Nielsen" məlumatları əsasında hazırladığı təhlilə görə, 12 iyul 2025-ci il tarixinədək olan dörd həftə ərzində Qərbi Avropada alkoqolsuz içkilərin satış həcmi illik müqayisədə 6,5% artıb. Bu göstərici iyun ayı ilə müqayisədə daha yüksək olub və 17 may 2025-ci il tarixinədək olan dörd həftəlik dövrdə qeydə alınan sıfır artımdan sonra bazarda canlanmanı göstərib.
Araşdırma Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliyada qazlı alkoqolsuz içkilər, idman və energetik içkilər, mineral sular və meyvə şirələri seqmentlərini əhatə edib. Analitiklərin fikrincə, isti hava şəraiti satışların artmasına əsas təkan verib. Xüsusilə qablaşdırılmış su və qazlı içkilərə tələbat Böyük Britaniya və Fransada nəzərəçarpacaq dərəcədə yüksəlib.
12 həftəlik göstəricilərə əsasən, satış həcmi ümumilikdə 4,3% artıb. Qiymət artımı və məhsul çeşidi təsiri də nəzərə alındıqda, bazarın dəyər ifadəsində artımı 5,5% təşkil edib.
Kateqoriyalar üzrə ən yüksək artım idman və energetik içkilərdə qeydə alınıb. Bu seqmentdə satış həcmi 11,3%, dəyər ifadəsində isə 13% yüksəlib. Mineral suların satış həcmi 5,2%, dəyər ifadəsində 7,6% artıb. Qazlı alkoqolsuz içkilər üzrə həcm artımı 2,5%, dəyər ifadəsində isə 4,6% olub. Meyvə şirələri isə yeganə geriləyən kateqoriya olaraq həcm baxımından 1,8%, dəyər ifadəsində isə 1,1% azalıb.
Ölkələr arasında ən yüksək artım Fransa bazarında müşahidə olunub. Son 12 həftədə burada satış həcmi 9,3% artıb. Böyük Britaniyada artım 5,9%, Almaniyada 3,9%, İspaniyada 2,1%, İtaliyada isə cəmi 0,2% təşkil edib. Son dörd həftədə Fransada artım tempi daha da sürətlənərək təxminən 11%-dən 14%-ə yüksəlib.
Şirkətlər üzrə nəticələrə əsasən, son dörd həftədə satış həcmi "Monster"də 17,2%, "Pepsi"də 10,2%, "Coca-Cola"da isə 5,4% artıb. Son 12 həftənin dəyər göstəricilərinə görə isə ən yüksək artım yenə "Monster"ə məxsus olub — 20,5%. Bu göstərici "Pepsi"də 8,4%, "Coca-Cola"da isə 3,7% təşkil edib.
MONETAR.AZ