"Bloomberg"in məlumatına görə, əsas taxıl ixracı dəhlizləri ilə bağlı yenidən artan narahatlıqlar və mühüm kənd təsərrüfatı regionlarında əlverişsiz hava şəraiti iyul ayında qlobal ərzaq qiymətlərini son üç ildən artıq müddətin ən yüksək səviyyəsinə çatdırıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu gün açıqladığı hesabata əsasən, təşkilatın qlobal ərzaq qiymətləri indeksi iyul ayında əvvəlki ayla müqayisədə 0,6% artıb. Artıma əsasən taxıl, şəkər və bitki yağları üzrə qiymət yüksəlişi təkan verib. FAO indeksi beynəlxalq ticarətdə əsas yer tutan ərzaq məhsullarının qiymət dinamikasını əks etdirir.
Qlobal ərzaq bazarlarında diqqət hazırda ABŞ–İran qarşıdurmasının yaratdığı ilkin şokdan sonra məhsuldarlıqla bağlı risklərə, ticarət qeyri-müəyyənliyinə və davam edən əlverişsiz hava şəraitinə yönəlib.
Rusiya və Ukrayna arasında hücumların intensivləşməsi Qara dəniz regionundan taxıl ixracı ilə bağlı narahatlıqları artırır. Bu amil iyun ayında buğda qiymətlərinin son iki ilin ən yüksək səviyyəsinə yüksəlməsinə səbəb olub. Eyni zamanda, Avropada müşahidə olunan güclü istilər taxıl sahələrinə ciddi zərər vurur və region tarixinin ən zəif məhsul mövsümlərindən biri ilə üzləşə bilər. ABŞ-ın əsas kənd təsərrüfatı bölgələrində davam edən quraqlıq isə qarğıdalı və soya istehsalı üçün əlavə risk yaradır.
Analitiklər hesab edirlər ki, güclü El-Ninyo hadisəsi ehtimalı, gübrə tədarükündəki fasilələr və İran ətrafındakı geosiyasi gərginlik fonunda yüksələn enerji qiymətləri qlobal ərzaq bazarını yeni istehsal və tədarük riskləri ilə üz-üzə qoyur. Bu amillər yaxın aylarda ərzaq qiymətləri üzərində təzyiqin davam etməsinə səbəb ola bilər.
MONETAR.AZ