Qlobal neft qiymətlərinin yüksəldiyi bir dövrdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirərək hasilat və tədarük həcmlərini artırmağa hazırlaşır. Bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, ölkənin ən böyük neft istehsalçısı olan ADNOC xam neft daşınması üçün istifadə olunan supertanker donanmasını nəzərəçarpacaq dərəcədə böyüdüb. Təxminən 2 milyon barel tutuma malik tankerlərin sayı 8-dən 14-ə çatdırılıb.
Donanmanın genişləndirilməsinə ümumilikdə 1,3 milyard dollar sərmayə yatırılıb. Bundan əlavə, şirkət propan və digər məhsulların daşınması üçün daha beş xüsusi tanker də əldə edib. Bu addımlar BƏƏ-nin OPEK kvotalarından kənar fəaliyyət göstərdiyi yeni şəraitdə ixrac potensialını artırmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
BƏƏ 1 may 2026-cı il tarixində OPEK-dən ayrıldıqdan sonra enerji infrastrukturunun genişləndirilməsini sürətləndirib. Bu çərçivədə Oman körfəzi sahilində yerləşən Dibba, Füceyrə və Xor-Fakkan terminallarının ötürmə qabiliyyətinin artırılması planlaşdırılır.
BƏƏ-nin xarici ticarət naziri Tani Əl-Zeyudi bildirib ki, ölkə eyni zamanda iki yeni neft kəmərinin tikintisini də nəzərdən keçirir. Məqsəd ixrac marşrutlarını şaxələndirmək və strateji əhəmiyyət daşıyan Hörmüz boğazından asılılığı azaltmaqdır.
Analitiklərin fikrincə, BƏƏ-nin nəqliyyat və ixrac infrastrukturuna yatırdığı bu investisiyalar ölkəyə qlobal enerji bazarında daha çevik fəaliyyət göstərməyə və yüksək qiymətlər fonunda əlavə gəlir əldə etməyə imkan verə bilər.
MONETAR.AZ