Avropada təbii qaz anbarlarının doluluq səviyyəsi rekord aşağı həddə düşüb. Monetar.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Gas Infrastructure Europe məlumatlarına əsasən, Avropadakı yeraltı qaz anbarlarının hazırda doluluq səviyyəsi 58 faizdən aşağıdır. Bu göstərici 2011-ci ildən aparılan müşahidələr üzrə ilin bu dövrü üçün ən aşağı səviyyə hesab olunur və ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz bəndi azdır.
Reuters yazır ki, Rusiya boru kəməri qazından daha rəqabətli hesab edilən mayeləşdirilmiş təbii qaza (LNG) keçid Avropanın qış aylarında əlavə xərclərlə üzləşməsinə səbəb ola bilər. Xüsusilə soyuq hava şəraitində anbarların kifayət qədər doldurulmaması enerji qiymətlərinin kəskin artması riskini artırır.
Analitiklərin proqnozuna görə, Qətər LNG tədarükünün olmaması və temperaturun iqlim normasından aşağı düşməsi halında noyabr-mart ayları ərzində qazın gündəlik qiyməti meqavat-saat üçün 110 avroya qədər yüksələ bilər. Belə ssenaridə mart ayının sonunda Avropanın qaz anbarlarının doluluğu cəmi 10 faiz səviyyəsində qala bilər.
Reuters qeyd edir ki, Avropanın LNG-dən asılılığının artması regionu qiymət dalğalanmalarına qarşı daha həssas edir. Boru kəməri ilə sabit qiymətli qaz müqavilələrinin azalması qış aylarında əlavə tədarükə ehtiyac yarandıqda bazarda bahalaşma riskini artırır.
Wood Mackenzi şirkətinin baş analitiki Devid Lyuis bildirib ki, qışın sərt keçməsi və ya uzunmüddətli soyuqlar zamanı Avropa ölkələri tələbatın azaldılması və qiymətlərin yüksəldilməsi kimi tədbirlərə müraciət edə bilər.