Bloomberg-in ABŞ hökumətinin ilkin məlumatlarına istinadən verdiyi xəbərə görə, iyul ayında ABŞ-a Səudiyyə Ərəbistanından xam neft idxalı tamamilə dayanıb. Bu, 1985-ci ildən bəri ilk dəfədir ki, bir təqvim ayı ərzində Səudiyyə nefti ABŞ-a ümumiyyətlə daxil olmayıb.
ABŞ və İran arasında baş verən münaqişə nəticəsində Fars körfəzi regionundan neft tədarükünün ciddi şəkildə pozulması Səudiyyə neftinin ixracına da təsir göstərib. ABŞ Energetika Nazirliyinin ilkin məlumatlarına əsasən, ötən ay Səudiyyə Ərəbistanından ABŞ istiqamətinə heç bir neft partiyası yüklənməyib. Halbuki ilin əvvəlində ABŞ neft emalı zavodları (NEmZ) gündəlik 800 min bareldən çox Səudiyyə nefti alırdı.
Hörmüz boğazındakı fasilələr və müharibə ilə bağlı logistika problemləri Yaxın Şərq mənşəli neftin qiymətini artırdığından, ABŞ emalçıları alternativ mənbələrə üz tutublar.
"Phillips 66" şirkətinin baş icraçı direktoru Mark Laşye bildirib ki, şirkət öz zavodlarında Yaxın Şərq mənşəli neftin payını 1%-dən aşağı salıb. Onun sözlərinə görə, xarici xammalın bir hissəsi ABŞ yataqlarından hasil olunan yüngül neftlə əvəz edilir və bu neft Nyu-Cersidə yerləşən emal zavoduna yönləndirilir.
ABŞ-da ənənəvi olaraq Səudiyyə neftindən istifadə edən digər iri emalçılar arasında "Chevron Corp." və "PBF Energy Inc." də var. Texas ştatının Port-Artur şəhərində yerləşən ölkənin ən böyük neft emalı zavodunun sahibi olan "Motiva Enterprises LLC" isə tamamilə Səudiyyə Ərəbistanının dövlət neft şirkətinə məxsusdur və əsasən Yaxın Şərq neftini emal edir.
Səudiyyə neftinin azalmasından ən çox faydalanan ölkələrdən biri Venesuela olub. İyul ayında ABŞ bu ölkədən gündəlik təxminən 600 min barel neft idxal edib. Müqayisə üçün, ilin əvvəlində bu göstərici təxminən 100 min barel idi.
Qeyd olunur ki, əvvəllər də ayrı-ayrı həftələrdə ABŞ-a Səudiyyə neftinin tədarükü sıfıra enmişdi. Lakin iyul ayı son 40 ildən artıq dövrdə bu vəziyyətin tam bir ay davam etdiyi ilk hal kimi tarixə düşüb.
Bununla belə, vəziyyətin uzunmüddətli olacağı gözlənilmir. Kpler analitiklərinin proqnozuna görə, avqust ayında ABŞ-a Səudiyyə neftinin idxalı bərpa olunaraq gündəlik təxminən 300 min barelə çatacaq ki, bu da son illərin orta səviyyəsinə yaxındır.
MONETAR.AZ