Son illərdə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsasən geosiyasi dəyişikliklər, yeni infrastruktur layihələri və Çin–Avropa ticarət əlaqələrinin inkişafı kontekstində diqqət mərkəzində olub. Lakin marşrutun uzunmüddətli dayanıqlılığı baxımından getdikcə daha çox ön plana çıxan başqa bir amil də var: Xəzər dənizində su səviyyəsinin azalmasıdır.
Mütəxəssislərin fikrincə, Orta Dəhlizin gələcək inkişafı üçün əsas risklərdən biri artıq geosiyasi deyil, iqlim dəyişikliklərinin yaratdığı ekoloji çağırışlarla bağlıdır. Xəzərin dayazlaşmasının davam etməsi limanların fəaliyyətinə, gəmiçilik imkanlarına və nəticədə artan yük axınlarının daşınmasına təsir göstərə bilər.
2022-ci ildən sonra Ukraynadakı müharibə fonunda Rusiya ərazisindən keçən Şimal Dəhlizinə alternativ kimi Orta Dəhlizin strateji əhəmiyyəti əhəmiyyətli dərəcədə artıb. Azərbaycan, Qazaxıstan, Gürcüstan və digər tərəfdaş ölkələr marşrutun ötürmə qabiliyyətini artırmaq, logistikanı sürətləndirmək və beynəlxalq rəqabət qabiliyyətini gücləndirmək məqsədilə yeni layihələr həyata keçirirlər.
Məlumatlara əsasən, Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2019–2021-ci illərdə illik 0,6–0,8 milyon ton olduğu halda, 2024-cü ildə 4,5 milyon tonu ötüb. Eyni dövrdə konteyner daşımalarının həcmi də təxminən 260% artaraq 50 min TEU səviyyəsinə çatıb.
Lakin yük axınlarının sürətlə artdığı bir vaxtda Xəzər dənizində su səviyyəsinin davamlı enməsi nəqliyyat sisteminin qarşısında yeni strateji risklər yaradır. Gələcəkdə limanların dərinliyinin azalması, gəmilərin yükgötürmə qabiliyyətinin məhdudlaşması və logistika xərclərinin artması Orta Dəhlizin rəqabət üstünlüyünə təsir göstərə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.
MONETAR.AZ