İlham Əliyev: "Zəngəzur dəhlizi mütləq inşa ediləcək"

İlham Əliyev: "Zəngəzur dəhlizi mütləq

"Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq".

Monetar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlətimizin başçısı qeyd edib: "Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək".

Daha sonra ölkə başçısı: "Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik" deyə əlavə edib.

Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir çox başqa ölkələrədək uzanacağını qeyd edən dövlətimizin başçısı digər layihə olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə mərhələsində olduğunu diqqətə çatdırıb.

Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.

Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: "Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq".