Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) yaradılıb.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə təsdiq edilib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Dövlət Təhlükəsizliyi Xidməti MİRAS-ın formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, həmçinin ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə MİRAS-ın “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
MİRAS-a daxil edilən və ötürülən məlumatlar
Məlumat mübadiləsinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə MİRAS normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir. Xidmət normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi və vəzifələrinin icrası zamanı tələb olunan aşağıdakı məlumatları Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən inteqrasiya yolu ilə ilkin mənbələrdən sorğu əsasında real vaxt rejimində, bu mümkün olmadıqda isə bu Əsasnamənin 3.4-cü bəndinə uyğun olaraq əldə edir:
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və ümumvətəndaş pasportunda qeyd edilən eyniləşdirmə məlumatları – soyadı, adı, atasının adı, doğum tarixi və yeri, FİN, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, pasportun nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti, şəxsin fotoşəkli.
- Şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatlar.
- Sürücülük vəsiqəsi barədə məlumatlar.
- Şəxsin mülkiyyətində, sahibliyində, istifadəsində və ya icarəsində olan nəqliyyat vasitəsi barədə məlumatlar – nəqliyyat vasitəsinin növü, markası, modeli, tipi, dövlət qeydiyyat nişanı, sahibinin şəxsi məlumatları və FİN-i.
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatlar – soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, FİN, gəldiyi ölkə, sənədin seriya və nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, yaşayış yeri, ailə vəziyyəti və fotoşəkli.
- Şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə uçotu və sərhədkeçməyə məhdudiyyətlər barədə məlumatlar.
- Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər, məhkumlar və bu tədbirlərin, cəzaların icrası vəziyyəti barədə məlumatlar.
- Hökmlər və ya məhkəmənin digər yekun qərarları barədə məlumatlar.
- Axtarışda olan şəxslər, cinayət işləri və cəzaların icrası üzrə ödənişlər barədə məlumatlar.
- Fiziki və hüquqi şəxslər tərəfindən əldə edilmiş mülki silahların qeydiyyatı, mülki silah əldə etməyə icazələr və odlu ov, idman silahlarının saxlanılması və istifadəsi üzrə şəhadətnamələr barədə məlumatlar.
- Şəxsin ailə tərkibi barədə məlumatlar – ailə üzvlərinin eyniləşdirmə məlumatları və fotoşəkilləri.
- Doğum, ölüm, nikah, nikahın pozulması, atalığın müəyyən edilməsi və milliyyət barədə məlumatlar.
- Dəyişdirilmiş soyad, ad və ata adı barədə məlumatlar.
- Notariat qaydasında təsdiq edilmiş etibarnamələr barədə məlumatlar.
- Şəxsin Azərbaycan vətəndaşlığını əldə etməsi, bərpası və xitam verilməsi barədə məlumatlar.
- Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşamaq və iş icazələri, müvəqqəti olma müddətinin uzadılması və qeydiyyat barədə məlumatlar.
- Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş və çıxışı məhdudlaşdırılmış əcnəbilər barədə eyniləşdirmə məlumatları.
- Şəxsin hərbi xidmət keçməsi və hərbi qeydiyyat yeri barədə məlumatlar.
- Məcburi köçkün və qaçqın statusu barədə məlumatlar.
- Şəhid və şəhid ailəsi üzvü statusu barədə məlumatlar.
- Şəxsin məşğulluq vəziyyəti barədə məlumatlar, o cümlədən elektron əmək müqavilələri və Qarabağ–Şərqi Zəngəzur üzrə məşğulluq göstəriciləri.
- Şəxsin pensiya və digər sosial ödənişlər alması barədə məlumatlar.
- Sağlamlıq vəziyyəti barədə məlumatlar.
- Narkoloji və psixiatriya qeydiyyatında olma barədə məlumatlar.
- Şəxsin təhsili və təhsil haqqında dövlət sənədləri barədə məlumatlar – təhsil müəssisələri, ixtisas, səviyyə və sənəd detalları.
- Dövlət qulluqçuları barədə məlumatlar – əmək fəaliyyəti, elmi fəaliyyət, tədbirlər, mükafatlar və intizam tədbirləri.
- Elektrik enerjisi, su və qaz abonentləri barədə məlumatlar.
- Hüquqi şəxslərin və sahibkarların vergi uçotu, fəaliyyət növləri və ünvanları barədə məlumatlar.
- Dini qurumların qeydiyyatı barədə məlumatlar.
- Turizm xidmətləri göstərən obyektlər, turoperatorlar, turagentlər və bələdçilər barədə məlumatlar.
- Hava nəqliyyatı sərnişinləri və heyət üzvləri barədə ilkin məlumatlar.
- Radiotezliklərin ayrılması barədə qərarlar haqqında məlumatlar.
- Mülki pilotsuz uçuş aparatlarının qeydiyyatı və istismarı barədə məlumatlar.
- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına şəxsi səfərlər barədə məlumatlar.
- “Təhlükəsiz şəhər” sisteminin videomüşahidə kameralarının real vaxt rejimində qeydə aldığı məlumatlar.
MİRAS-ın digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir. MİRAS-la digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) MİRAS-a aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə, onların elektron kabinetləri vasitəsilə daxil edilir. MİRAS-da formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edilir və rəsmiləşdirilir.
MONETAR.AZ