Çin Mərkəzi Bankı qızıl alışlarını davam etdirir

Çin Mərkəzi Bankı

Çin Mərkəzi Bankı may ayında da qızıl ehtiyatlarını artıraraq alışlarını davam etdirib. Qızıl qiymətlərinin təzyiq altında qalmasına baxmayaraq, tənzimləyici qurum ehtiyatlarını genişləndirməyi davam etdirib.

Açıqlanan məlumatlara görə, ötən ay Çin Mərkəzi Bankının qızıl ehtiyatları 320 min unsiya artıb. Bununla da bankın ardıcıl qızıl alışları 19-cu aya çatıb. Bu göstərici qurumun qızıl ehtiyatları ilə bağlı müntəzəm məlumat dərc etməyə başladığı 2015-ci ildən bəri ən uzun alış seriyası hesab olunur.

Qızıl qiymətləri yanvar ayının sonunda rekord səviyyəyə yüksəldikdən sonra may ayında da enişini davam etdirərək ardıcıl üçüncü aylıq azalma qeydə alıb. Yaxın Şərqdə davam edən münaqişələrin yaratdığı inflyasiya narahatlıqları və faiz dərəcələrinin uzun müddət yüksək qalacağına dair gözləntilər gəlir gətirməyən aktivlərə marağı azaldıb.

Son illərdə dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları tərəfindən həyata keçirilən qızıl alışları bazar üçün mühüm dəstək amillərindən biri olub. Goldman Sachs analitikləri hesab edirlər ki, geosiyasi risklərin artması ölkələrin valyuta ehtiyatlarını şaxələndirmək istəyini gücləndirəcək və bu da qızıl alışlarının artmasına səbəb olacaq.

Çin Mərkəzi Bankının məlumatına əsasən, ölkənin ümumi valyuta ehtiyatları may ayında 3,411 trilyon dollardan 3,442 trilyon dollara yüksəlib.

MONETAR.AZ