Texnologiya dünyasında brauzerlərin sürət və səmərəlilik yarışı yeni mərhələyə qədəm qoyub. MacRumors-un verdiyi məlumata görə, Google Chrome brauzeri Apple-ın ən son M5 prosessoru ilə təchiz edilmiş MacBook Pro noutbukunda və macOS 26.0.1 əməliyyat sistemi mühitində aparılan sintetik testlərdə görünməmiş dünya rekordlarına imza atıb.
Google rəsmi olaraq bəyan edib ki, bu optimallaşdırmalardan sonra Chrome, Apple-ın daxili Safari brauzeri də daxil olmaqla, Mac platformasındakı bütün rəqiblərini geridə qoyaraq mütləq liderliyə yüksəlib
Brauzerin skriptləri və vizual renderləri emal etmə sürətini ölçən iki qlobal benchmark testində qeydə alınan rəqəmlər Chrome-un mühəndislik uğurunu sübut edir.
Şirkətin açıqladığı nəticələrə görə, Chrome Speedometer testində 61 bal toplayıb ki, bu da ötən ilin nəticəsindən 5% yüksəkdir. JetStream 3 testində isə brauzer 469 bal əldə edib və 2026-cı ilin əvvəlindəki göstəricisini 10% yaxşılaşdırıb.
Google mühəndisləri bu performansa yalnız aparat təminatının (M5 çipinin) gücü ilə deyil, həm də brauzerin nüvəsində etdikləri köklü proqram təminatı optimallaşdırmaları sayəsində nail olublar:
-
JavaScript Optimizasiyası: V8 mühərrikində kodun icrası zamanı lazımsız aralıq mərhələlər və yoxlamalar tamamilə ixtisar edilib.
-
Asinxron Sürətləndirmə: Eyni vaxtda icra olunan arxa fon əməliyyatlarının prosessor nüvələri arasında paylanması təkmilləşdirilib.
-
Blink Render və WebAssembly: Brauzerin vizual yükləmə mühərriki olan Blink, ağır qrafikalı və animasiyalı səhifələri M5-in qrafik çipinə (GPU) daha sürətli ötürməyə başlayıb.
Google vurğulayır ki, bu artım yalnız rəqəmlərdən ibarət deyil. İstifadəçilər gündəlik internet fəaliyyətlərində — ağır veb-sənədlərlə işləyərkən, brauzer daxili oyunlarda və bulud əsaslı tətbiqlərdə (məsələn, Google Docs, Figma və s.) keçidlərin nəzərəçarpacaq dərəcədə daha axıcı və sürətli olduğunu birbaşa hiss edəcəklər.
MONETAR.AZ