Çində uşaqboylu humanoid robot təqdim edildi

Çində uşaqboylu humanoid

Çinin JAKA Robotics şirkəti insanabənzər yeni robotu – “Pi” modelini təqdim edib. Şirkətin məlumatına görə, süni intellekt, inkişaf etmiş ətraf mühit qavrama sistemi və insanabənzər mexanikanı birləşdirən robot zavodlardan kənarda fəaliyyət göstərmək üçün hazırlanıb.

Hündürlüyü 1,22 metr, çəkisi isə 42 kiloqram olan “Pi” öz sinfində ən kompakt humanoid robotlardan biri hesab olunur. Robot 27 sərbəst hərəkət dərəcəsinə malikdir ki, bu da ona mürəkkəb əl hərəkətlərini yerinə yetirməyə və məkanda sərbəst hərəkət etməyə imkan verir.

Şirkət bildirir ki, yeni oynaq modulları əvvəlki versiyalarla müqayisədə 15-27 faiz daha yığcamdır. Bu isə robotun ümumi ölçülərinin kiçilməsinə şərait yaradıb. Robotun diz mexanizmləri 120 nyuton-metrə qədər fırlanma anı yaradır, hər bir qolu isə 3 kiloqrama qədər yük qaldıra bilir.

“Pi” modeli Intel platforması əsasında işləyir və iki səviyyəli idarəetmə sisteminə malikdir. Birinci səviyyə kameralar və sensorlardan daxil olan məlumatları emal edir, səsli əmrləri analiz edir və qərarlar qəbul edir. İkinci səviyyə isə robotun hərəkətlərini real vaxt rejimində idarə edir və mexanizmlərin işini bir neçə millisaniyə gecikmə ilə koordinasiya edir.

Bu yanaşma robotun yalnız verilən tapşırıqları başa düşməsinə deyil, həm də onları yerinə yetirmək üçün müstəqil fəaliyyət planı qurmasına imkan yaradır.

2015-ci ildə Şanxayda yaradılan JAKA Robotics şirkəti daha çox insanlarla təhlükəsiz əməkdaşlıq edə bilən sənaye robotları ilə tanınır. Son illərdə şirkət intellektual robot texnologiyalarının inkişafına xüsusi diqqət ayırır.

Mütəxəssislərin fikrincə, “Pi” robotunun təqdimatı Çində humanoid robotların istehsalı və tətbiqi istiqamətində müşahidə olunan sürətli inkişafın növbəti nümunəsidir. Şirkət gələcəkdə bu cür robotların yalnız istehsalatda deyil, daha mürəkkəb və dəyişkən şəraitlərdə də insanlara yardım göstərə biləcəyini bildirir.

MONETAR.AZ