Mərkəzi Bank “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısına ev sahibliyi edib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 4-də ölkəmizdə rəsmi səfərdə olan Şura üzvlərini və müşahidəçi dövlətlərin nümayəndələrini qəbul edib. Görüşdə Şura tərəfindən keçirilən tədbirlərin və görülən işlərin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin mərkəzi bankları və maliyyə institutları arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyi vurğulanıb. Əlavə olaraq, görüşdə Azərbaycanda pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi və maliyyə-bank sektorunun modernləşdirilməsi məqsədilə həyata keçirilən ardıcıl islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və bank sisteminin sabitliyinin gücləndirilməsi sahəsində əldə olunan nəticələr barədə danışılıb.
Daha sonra Mərkəzi Bankın yeni inzibati binasında Şuranın toplantısı başlayıb. TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan Milli Bankının nümayəndə heyəti, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının mərkəzi banklarının sədrləri toplantıda iştirak edib.
Açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov Şuranın ölkələr və qurumlar arasında əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib. Sədr bildirib ki, qlobal və regional iqtisadiyyatda qeyri-müəyyənliklərin artdığı, maliyyə bazarlarında indekslərin dəyişkənliyinin yüksəldiyi və rəqəmsal texnologiyaların tətbiqinin genişləndiyi bir dövrdə Şura həm ortaq, həm də ölkəyə xas çağırışların həlli üçün mühüm platformadır. O, Şuranın pul siyasəti, maliyyə sabitliyi və maliyyə sektorunun inkişafı sahələrində daha sıx iqtisadi və maliyyə əməkdaşlığını təşviq etdiyini vurğulayıb.
Baş katib Kubanıçbek Ömüralıyev Şuranın son iki ildə fəaliyyətindən, həm üzv ölkələr arasında, həm də regional əməkdaşlığın təşviqi istiqamətindəki rolundan danışıb.
Daha sonra “Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri” mövzusuna həsr olunan ilk sessiya başlayıb. Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov təqdimatla çıxış edərək qlobal iqtisadiyyatda və maliyyə sektorlarında baş verənlər nəzərə alınmaqla həyata keçirilən pul siyasəti və maliyyə sabitliyi siyasətləri, həmçinin onların nəticələri üzrə ölkə təcrübəsini bölüşüb. Təqdimatın yekununda sual-cavab sessiyası baş tutub, daha sonra nümayəndə heyətlərinin mövzu üzrə çıxışları dinlənilib.
Toplantının ikinci sessiyasında “Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı” mövzusu müzakirə olunub. Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi rəqəmsal maliyyə ekosisteminin inkişafı üzrə həyata keçirilən təşəbbüslər və görüləcək işləri üzrə ölkə təcrübəsi barədə təqdimatla çıxış edib. Sual-cavab sessiyasından sonra nümayəndə heyətlərinin mövzu üzrə çıxışları dinlənilib.
Çıxışlar zamanı iştirakçılar Şuranın regional və qlobal əhəmiyyətli platforma kimi fəaliyyətinin daha da genişləndirilməsi, həmçinin mərkəzi banklar arasında səmərəli qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin önəmini vurğulayıb.
Toplantının rəsmi hissəsinin yekununda əldə olunan razılaşmaları və gələcək əməkdaşlıq sahələrini əks etdirən “Kommunike” imzalanıb. Şuranın sayca üçüncü toplantısının 2027-ci ildə Türkiyədə keçiriləcəyi elan olunub.