Avropa Komissiyası banklar üçün kapital tələblərini yumşaldır

Avropa Komissiyası banklar üçün kapital tələblərini

Avropa İttifaqı (Aİ) qlobal maliyyə bazarlarında fəaliyyət göstərən daxili bank sektorunun rəqabət qabiliyyətini qorumaq üçün strateji bir güzəşt addımı atıb. Avropa Komissiyası, bazar risklərinin tənzimlənməsinə yönəlmiş beynəlxalq “Basel III” standartları çərçivəsində müvəqqəti yumşalmaları nəzərdə tutan delegasiya aktını rəsmən qəbul edib.

Yeni qərara əsasən, FRTB (Fundamental Review of the Trading Book) standartlarının Avropa banklarına gətirəcəyi əlavə kapital yükü üç il müddətinə müvəqqəti olaraq azaldılacaq.

FRTB, 2008-ci il qlobal maliyyə böhranından sonra Bazel Bank Nəzarəti Komitəsi tərəfindən hazırlanmış qlobal tənzimləmə paketinin ən fundamental hissələrindən biridir. Bankların ticarət portfellərindəki maliyyə alətlərindən (səhmlər, istiqrazlar, törəmə alətlər) yarana biləcək bazar risklərini daha sərt və dəqiq qaydalarla qiymətləndirmək, risk ehtimalına qarşı bankların daha çox ehtiyat kapital (bufer) saxlamasını təmin etməkdir.

Baxmayaraq ki, “Basel III” paketinin digər bütün müddəaları Aİ daxilində artıq 1 yanvar 2025-ci ildən qüvvəyə minib, FRTB standartlarının tətbiqi fərqli taleyə sahib olub.

Avropa Komissiyasını bu addımı atmağa məcbur edən əsas amil beynəlxalq disbalansdır. ABŞ daxil olmaqla, Aİ-dən kənardakı bir sıra iri iqtisadiyyatlar FRTB qaydalarının daxili bazarda tətbiqini gecikdiriblər.

Əgər Avropa bu standartları təkbaşına və tam sərtliyi ilə tətbiq etsəydi, yerli banklar xarici rəqiblərinə nisbətən daha çox kapital dondurmaq məcburiyyətində qalacaq və qlobal arenada rəqabət gücünü itirəcəkdi. Bu səbəbdən Aİ əvvəlcə FRTB-nin tətbiqini 1 yanvar 2027-ci ilədək təxirə salmışdı. İndi isə həmin tarix üçün keçid dövrü mexanizmi müəyyən edilib.

Qəbul edilən yeni qərar dərhal tam sərt tənzimləməyə keçmək əvəzinə, banklara nəfəs dərəcəsi vermək üçün xüsusi əmsal modelini dövriyyəyə salır.

Avropa Komissiyasının maliyyə xidmətləri və Əmanətlər və İnvestisiyalar İttifaqı üzrə komissarı Maria Luís Albuquerque qərarın fəlsəfəsini bu cür izah edib: "Avropa bankları beynəlxalq rəqibləri ilə bərabər şərtlərlə rəqabət aparmaq imkanına malik olmalıdır. Bu məqsədyönlü və vaxt baxımından məhdud tədbirlər qlobal maliyyə bazarlarında bərabər rəqabət şəraitinin (level playing field) qorunmasına kömək edir və eyni zamanda Bazel standartlarına sadiqliyimizi təsdiqləyir."

Aİ bu gedişlə qlobal maliyyə arxitekturasının təhlükəsizlik prinsiplərinə (Bazel qaydalarına) sadiq qaldığını nümayiş etdirir, lakin eyni zamanda real iqtisadi reallıqları nəzərə alaraq öz bank kontingentini digər nəhəng iqtisadiyyatların (xüsusilə ABŞ-ın) tənzimləmə ləngimələrindən qorumuş olur.

MONETAR.AZ