Avropanın mülki təyyarə istehsalçısı Airbus, 2026-cı ilin may ayı və ilin ilk beş ayı üzrə istehsal, tədarük və sifariş hesabatını paylaşıb. Qlobal tədarük zəncirindəki çətinliklərə baxmayaraq, şirkət həm təyyarə çatdırılması tempini qoruyub, həm də sifariş portfelini tarixi maksimuma çatdırmağı bacarıb.
May ayında aviakonsern 45 müştəriyə 81 təyyarə təhvil verib və portfelinə 379 yeni sifariş əlavə edib.
Şirkətin yarandığı gündən bəri may ayının sonuna qədər qeydə alınan ümumi statistikası aviasiya sənayesindəki miqyasını aydın göstərir:
-
Ümumi sifariş portfeli (Tarixi): 26,272 təyyarə
-
İndiyədək təhvil verilənlər: 17,019 təyyarə
-
2026-cı ilin ilk 5 ayında təhvil verilənlər: 262 təyyarə (68 müştəriyə)
Airbus-un fərqli seqmentlər üzrə istehsal proqramları aktivlik səviyyəsinə və bazar payına görə kəskin fərqlənir. May ayının sonu yekunlarına əsasən proqramların statusu aşağıdakı kimidir:
Ən böyük proqram olaraq qalmaqda davam edən Airbus A320 ailəsi üzrə:
- ümumi sifariş sayı – 20 169;
- təhvil verilən təyyarələr – 12 670;
- istismarda olan təyyarələr – 11 374.
Airbus-un ümumi sifarişlərinin təxminən 76%-i birbaşa A320 ailəsinin (xüsusilə A320neo və A321neo modellərinin) payına düşür. Bu proqram aviaşirkətlərin yanacaq səmərəliliyi və qısa-orta məsafəli xətlərdə yüksək rentabellilik tələbini tam qarşılayır.
Geniş gövdəli flaqman olan A350 proqramı xüsusilə uzunmüddətli transatlantik və transsakitokean uçuşları üçün əsas seçimdir. 1,595 sifarişdən artıq 718-nin çatdırılması, Airbus-un rəqibi Boeing-in 777X və 787 proqramlarında yaşadığı gecikmələr fonunda bazardakı mövqeyini daha da möhkəmləndirir.
"Göy üzünün kraliçası" adlandırılan iki mərtəbəli A380 modelinin istehsalı rəsmən dayandırılsa da, onun aviasiyadakı fəaliyyəti davam edir. İstehsal olunmuş 251 təyyarədən 199-u hazırda aktiv uçuşlardadır. Bu, xüsusilə Emirates və Qatar Airways kimi nəhənglərin yay mövsümündə artan sərnişin sıxlığını idarə etmək üçün bu təyyarələrə hələ də ehtiyac duyduğunu göstərir.
2026-cı ilin ilk yarısının yekunlarına doğru gedərkən, Airbus sənayedəki mövqeyini sabit saxlaya bilib. 379 yeni sifarişin qəbul edilməsi pandemiyadan sonrakı dövrdə qlobal aviasiya parkının yenilənməsi trendinin hələ də pik nöqtədə olduğunu sübut edir.
MONETAR.AZ