BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına istinadən Bloomberg xəbər verir ki, İran ətrafındakı hərbi münaqişə qlobal logistikanı və kənd təsərrüfatı xərclərini alt-üst edib. May ayında dünya ərzaq qiymətləri indeksi cüzi olaraq 0.2% azalsa da, ümumi göstərici son 3 ildən artıq müddətin ən yüksək səviyyəsinə yaxın qalmaqda davam edir.
Bu cüzi azalma bazarda qiymətlərin düşməsi deyil, fərqli xammal qrupları arasındakı müvəqqəti balanslaşma ilə bağlıdır:
-
Qiyməti artanlar: Dənli bitkilər (buğda, arpa və s.) və şəkər.
-
Qiyməti azalanlar: Palma və soya yağları başda olmaqla bitki yağları və süd məhsulları.
Münaqişənin ərzaq sektoruna birbaşa təsiri məhsulun özünün qıtlığından deyil, istehsal resurslarının zəncirvari bahalaşmasından qaynaqlanır. Dünyanın ən mühüm dəniz keçidlərindən olan Ormuz boğazının fəaliyyətinin məhdudlaşması qlobal bazarda iki əsas komponentin tədarükünü iflic edib: Yanacaq və Gübrə.
Bu zəncirvari reaksiya qarğıdalı, düyü və digər strateji qidaların becərilmə xərclərini kəskin artırıb. Dünyanın aparıcı kənd təsərrüfatı ölkələri artıq məhsuldarlığın aşağı düşəcəyi barədə xəbərdarlıq edirlər.
2025-ci ildə qlobal kənd təsərrüfatı istehsalında rekord göstəricilər qeydə alınsa da, cari geosiyasi böhran bu artım trendini qırır. FAO-nun hesablamalarına görə, qlobal dənli bitki istehsalı 2% azalacaq. Bu, son 7 il ərzində qeydə alınan ilk qlobal azalma tendensiyası olacaq. Təşkilat rəsmən xəbərdarlıq edib ki, Ormuz boğazındakı blokada qlobal miqyasda "sistemli bir aqro-ərzaq şokunun" başlanğıcıdır. Bu şokun tam dalğası və real ərzaq böhranı yaxın 6–12 ay ərzində özünü tam qabarıq büruzə verəcək.
Böyük Britaniyanın Lids Universitetinin professoru və ərzaq təhlükəsizliyi üzrə tanınmış ekspert Tim Benton vəziyyətin ciddiliyini belə izah edir: "Belə böhranların nəticələri adətən tədricən üzə çıxır. Gübrə qiymətlərinin bu gün artması birbaşa gələcək məhsullara və tədarük həcmlərinə təsir edəcək. Logistik gecikmələr və artan daşınma xərcləri isə 2026-cı ilin sonuna doğru mağazalardakı son istehlak qiymətlərində (inflyasiyada) öz əksini tapacaq."
MONETAR.AZ