Sığortaçıların sistem əhəmiyyətliliyinin qiymətləndirilməsi qaydaları dəyişdirilib

Sığortaçıların sistem əhəmiyyətliliyinin qiymətləndirilməsi

Sığorta sektorunda sistem əhəmiyyətli sığortaçıların müəyyənləşdirilməsi zamanı tətbiq olunan yanaşmanın təkmilləşdirilməsi məqsədilə “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”na dəyişikliklər təsdiqlənib.

AZƏRTAC Mərkəzi Banka istinadən xəbər verir ki, yeni çərçivə sığortaçıların maliyyə sisteminə mümkün təsir kanallarını daha dolğun əhatə etmək məqsədilə ölçü, şaxələnmə və əvəzolunmazlıq kateqoriyaları əsasında formalaşdırılıb. Yeni yanaşmaya əsasən, sistem əhəmiyyətliliyi üç səviyyə üzrə qiymətləndiriləcək:

  • sığorta sistemi üzrə;
  • maliyyə sistemi üzrə;
  • ümumi iqtisadi münasibətlər üzrə.

Bu yanaşma sığortaçıların yalnız sığorta sektorundakı rolunu deyil, həm də maliyyə bazarları və real iqtisadiyyatla qarşılıqlı əlaqələrini nəzərə almağa imkan verir.

Meyarlara əsasən, qiymətləndirmənin üç kateqoriya – ölçü, şaxələnmə və əvəzolunmazlıq üzrə aparılması müəyyən edilib. Əvvəlki metodologiyada mövcud olan mürəkkəblik kateqoriyası ləğv olunub, yeni indikatorlar və onların xüsusi çəkiləri müəyyənləşdirilib.

Bundan başqa, qiymətli kağızların dövriyyəsi göstəricisi ilk dəfə metodologiyaya daxil edilib. Təkrarsığorta fəaliyyəti ilə bağlı isə yalnız sığortaçıların ölkə daxilindən qəbul etdikləri risklər üzrə hesablanan təkrarsığorta haqlarının nəzərə alınması müəyyənləşdirilib və bu göstəricinin çəkisi artırılıb.

Sistem əhəmiyyətliliyi indeksi 15 faiz bəndinə çatan və ya bu həddi keçən sığortaçılar sistem əhəmiyyətli sığortaçı hesab ediləcək.

Yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçılar üçün “sığorta predmetlərinin sayı” göstəricisi tətbiq edilməyəcək. Bu göstəricinin xüsusi çəkisi eyni kateqoriyadakı digər göstəriciyə əlavə olunacaq.

Sistem əhəmiyyətli sığortaçıların siyahısı hər il sentyabrın 1-dək Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiqlənəcək.

Dəyişikliklər Mərkəzi Bankın bank sektoru üzrə tətbiq etdiyi sistem əhəmiyyətliliyinin qiymətləndirilməsi metodologiyası ilə uyğunlaşdırılıb. Məqsəd sistem əhəmiyyətli maliyyə institutlarının müəyyənləşdirilməsi və bu sahədə vahid yanaşmanın formalaşdırılmasıdır.

Təsdiq olunmuş dəyişikliklərlə “e-Qanun” portalında tanış olmaq mümkündür.