Türkiyə və Səudiyyə Ərəbistanı vətəndaşları üçün viza tələblərinin ləğvi ilə bağlı saziş imzalamağı planlaşdırır. Reuters-in məlumatına görə, razılaşmanın çərşənbə günü Ankarada keçiriləcək danışıqlar zamanı əldə olunması gözlənilir.
Görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan rəhbərlik edəcək. Onlar Türkiyə–Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının iclasında iştirak edəcəklər.
Məlumata görə, saziş həm adi, həm də diplomatik pasport sahiblərini əhatə edəcək.
Qeyd edək ki, Ankara ilə Ər-Riyad arasında münasibətlər 2018-ci ildə jurnalist Cemal Kaşıkçının İstanbulda öldürülməsindən sonra gərginləşmişdi. Türkiyə bu hadisədə yüksək vəzifəli səudiyyəli rəsmiləri ittiham etmişdi. 2020-ci ildən etibarən isə tərəflər münasibətləri normallaşdırmaq üçün addımlar atır.
Hakan Fidanın görüş zamanı Yaxın Şərq məsələlərində Türkiyənin rolunu vurğulayacağı və İranla bağlı münaqişənin həllinə yönəlmiş səylərə dəstəyini ifadə edəcəyi gözlənilir.
MONETAR.AZ