Azərbaycanda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bu gün işini başa çatdırır. Forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, müasir infrastrukturun qurulması və “yaşıl şəhər” konsepsiyası ilə bağlı geniş müzakirələr aparılıb.
Tədbirdə şəhərlərin gələcək inkişaf modelləri, ekoloji tarazlığın qorunması, rəqəmsal texnologiyaların urbanizasiya prosesinə tətbiqi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi əsas mövzular sırasında olub. Forum iştirakçıları sürətli urbanizasiya şəraitində şəhərlərin daha təhlükəsiz, rahat və ekoloji baxımdan davamlı şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələr zamanı postmünaqişə dövründə şəhərlərin yenidən qurulması, “ağıllı şəhər” layihələri və enerji səmərəliliyinin artırılması istiqamətində beynəlxalq təcrübə də diqqət mərkəzində olub.
Forumun yekununda iştirakçılar arasında əməkdaşlığın genişləndirilməsi, şəhərsalma sahəsində innovativ yanaşmaların tətbiqi və təcrübə mübadiləsinin davam etdirilməsi ilə bağlı birgə çağırış qəbul olunacağı gözlənilir.
Qeyd edək ki, tədbir müxtəlif ölkələrin dövlət qurumları, beynəlxalq təşkilatlar, şəhərsalma üzrə ekspertlər və memarların iştirakı ilə keçirilib.
MONETAR.AZ