2026-cı ildə qlobal inflyasiyanın 4,7% olacağı proqnozlaşdırılır. Ölkələr üzrə qiymət artımında isə kəskin fərqlər müşahidə olunur. Venesuelada inflyasiyanın 467,9%-ə, İranda 78,6%-ə, Sudanda isə 41,3%-ə çatacağı gözlənilir.
Monetar.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr ayında açıqladığı Dünya İqtisadi Görünüşü hesabatının məlumatları əsasında hazırlanan araşdırmada bildirilir.
Proqnozlara görə, yüksək inflyasiya əsasən valyuta təzyiqləri, münaqişələr və uzunmüddətli iqtisadi qeyri-sabitliklə üzləşən ölkələrdə qeydə alınacaq. İlk beşlikdə Venesuela, İran, Sudan, Argentina və Türkiyə yer alır.
Belə ki, Argentinada illik inflyasiyanın 32,5%, Türkiyədə isə 31,2% olacağı proqnozlaşdırılır. Cənubi Sudanda bu göstəricinin 27,6%, Malavidə 21,9%, Haitidə 21,5%, Myanmada isə 20% təşkil edəcəyi gözlənilir.
Nigeriyada inflyasiyanın 15,6%, Liviyada 14,1%, Syerra-Leonedə 13,8%, Misirdə 13,3%, Boliviya və Qırğızıstanda isə 12,7% olacağı ehtimal edilir.
Dünyanın iri iqtisadiyyatlarında vəziyyət nisbətən sabitdir. ABŞ-da inflyasiyanın 3,6%, Kanadada 2,8%, Çində isə cəmi 1% səviyyəsində olacağı proqnozlaşdırılır.
Araşdırmada qeyd olunur ki, Asiya-Sakit okean regionundakı iqtisadiyyatların 80%-dən çoxu enerji qiymətlərinin artımının istehlakçılara təsirini azaltmaq üçün subsidiyalar, vergi güzəştləri və qiymət məhdudiyyətlərindən istifadə edir. Bu tədbirlər qısamüddətli dövrdə rəsmi inflyasiya göstəricisini aşağı saxlasa da, xərclərin bir hissəsini dövlət büdcəsinin üzərinə keçirir.
BVF-nin proqnozuna əsasən, qlobal inflyasiyanın 2026-cı ildəki 4,7%-dən 2027-ci ildə 4,1%-ə enəcəyi gözlənilir. Bununla belə, enerji qiymətləri, ticarət məhdudiyyətləri və geosiyasi gərginliklər qiymət artımının gələcək dinamikasına təsir göstərə bilər.