Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Etibarlılığın bərpası parçalanmış dünyada: Azərbaycan regionlar arasında strateji qapı kimi” mövzusunda panel sessiya işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində “Qlobal iqtisadi proqnoz” mövzusunda fireside söhbəti keçirilib. Müzakirə “Euronews”un idarəedici redaktoru Ceyn Uizerspunun moderatorluğu ilə iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini və “Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas Davidin iştirakı ilə baş tutub.
Nouriel Roubini qlobal iqtisadiyyatın inkişafına təsir edən əsas amillər sırasında bazar intizamı, geosiyasi gərginliklər və süni intellekt sahəsindəki sürətli inkişafı qeyd edib.
İqtisadçının sözlərinə görə, ABŞ-də tariflərin yüksəldilməsi qlobal iqtisadiyyat üçün əlavə risklər yaradıb. O bildirib ki, tariflərin yüksək səviyyədə uzun müddət qalması resessiya və inflyasiya risklərini artıra bilərdi. Lakin sonrakı mərhələdə tariflərin aşağı salınması fonunda bazarlarda müəyyən sabitləşmə müşahidə olunub.
Roubini geosiyasi gərginliklərin də maliyyə bazarlarına əhəmiyyətli təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, neft qiymətlərinin yüksəlməsi istiqraz bazarında ciddi dəyişikliklərə səbəb ola bilər. İqtisadçı eyni zamanda süni intellekt və texnoloji transformasiyanı qlobal iqtisadi mənzərəni dəyişdirən əsas amillərdən biri kimi qiymətləndirib.
O qeyd edib ki, texnoloji transformasiya yalnız ABŞ və Çin arasındakı rəqabətlə məhdudlaşmır, qlobal təchizat zəncirlərinə və dünya iqtisadiyyatının müxtəlif sektorlarına təsir göstərir.
“Euronews”un Direktorlar Şurasının sədri Pedro Varqas David isə qlobal iqtisadi proseslərin ayrı-ayrı ölkələrlə yanaşı, müxtəlif regionların bazarlarına da birbaşa təsir etdiyini bildirib. Onun sözlərinə görə, hazırkı şəraitdə biznes üçün əsas məsələlərdən biri qlobal proseslərin mümkün iqtisadi nəticələrini və onların maliyyə bazarlarına təsirini düzgün qiymətləndirməkdir.
Pedro Varqas David xüsusilə Körfəz ölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa İttifaqında baş verən dəyişikliklərin diqqətlə izlənilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, beynəlxalq səviyyədə qəbul edilən qərarların müxtəlif ölkə və regionlar üçün yarada biləcəyi iqtisadi nəticələr də nəzərə alınmalıdır.
Panel müzakirəsində dəyişən qlobal iqtisadi mənzərə, dünya iqtisadiyyatının artım perspektivləri, investisiya axınları və qlobal artımı formalaşdıran əsas makroiqtisadi və geosiyasi tendensiyalar diqqət mərkəzində olub.