Qlobal proseslərin ayrı-ayrı ölkələrlə yanaşı, müxtəlif regionların bazarlarına da birbaşa təsir göstərdiyi və bu dəyişikliklərin mümkün iqtisadi nəticələrinin düzgün qiymətləndirilməsinin vacib olduğu bildirilib.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda keçirilən yüksək səviyyəli panel müzakirəsində deyib. Forumun proqramında bu panelin qlobal artım və investisiyanı formalaşdıran əsas tendensiyalara həsr olunduğu qeyd olunur.
Nazir bildirib ki, xüsusilə Körfəz ölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa İttifaqında baş verən dəyişikliklərin mümkün iqtisadi nəticələri nəzərə alınmalıdır.
M.Cabbarov Mərkəzi Asiya və digər tərəfdaş ölkələrlə iqtisadi münasibətlərdə qarşılıqlı investisiyaların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə həm dövlət, həm də özəl sektorun fəal iştirakı nəzərdə tutulur.
İqtisadiyyat naziri dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, bir sıra aktiv və xidmətlərin özəl sektorun iştirakına açılması, eləcə də özəlləşdirmə və satış mexanizmlərinin tətbiqi vasitəsilə investisiya mühitinin daha da cəlbedici edilməsinə yönəlmiş addımların atıldığını qeyd edib.
Azərbaycanın Mərkəzi Asiya ilə investisiya əlaqələrinin genişləndirilməsi istiqamətində konkret əməkdaşlıq nümunələri də mövcuddur. Belə ki, sentyabrın 14-də Azərbaycan İnvestisiya Holdinqi ilə Əbu-Dabi hökumətinin suveren investoru L’İMAD arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Saziş çərçivəsində Azərbaycanda və Mərkəzi Asiya regionunda birgə strateji investisiyaların həyata keçirilməsi, o cümlədən sənaye, kritik faydalı qazıntılar, şəhər və nəqliyyat infrastrukturu, energetika və rəqəmsal bağlantı sahələrinə investisiyaların yönəldilməsi nəzərdə tutulur.
Panel müzakirəsində qlobal iqtisadi mühitdə baş verən dəyişikliklərin investisiya qərarlarına, regional əlaqələrə və müxtəlif bazarların inkişaf perspektivlərinə təsiri də diqqət mərkəzində olub.