BMT-ni ən çox maliyyələşdirən ölkələr 

BMT-ni ən çox maliyyələşdirən

Birləşmiş Millətlər Təşkilatının (BMT) sisteminə ən çox maliyyə ayıran ölkə ABŞ-dır. 2025-ci ilin göstəricilərinə əsasən, ABŞ-ın töhfəsi 7,094 milyard dollar təşkil edib. Almaniya 3,462 milyard dollarla ikinci, Çin isə 2,726 milyard dollarla üçüncü yerdə qərarlaşıb.

Monetar.az-ın BMT Sisteminin Baş İcraçıları Əlaqələndirmə Şurasının məlumatları əsasında hazırladığı təhlilə görə, ölkələrin təşkilatın sisteminə ümumi maliyyə töhfələri məcburi ödənişləri, könüllü yardımları və digər gəlirləri əhatə edir.

İlk beşlikdə ABŞ, Almaniya və Çindən sonra Böyük Britaniya 2,518 milyard dollarla dördüncü, Yaponiya isə 2,171 milyard dollarla beşinci yerdədir.

İlk 10-luqda Avropa ölkələrinin üstünlüyü diqqət çəkir. İsveç 1,720 milyard dollarla altıncı, Kanada 1,511 milyard dollarla yeddinci, Norveç 1,414 milyard dollarla səkkizinci, Niderland 1,297 milyard dollarla doqquzuncu, Cənubi Koreya isə 1,265 milyard dollarla onuncu yerdə qərarlaşıb.

Fransanın töhfəsi 1,139 milyard dollar, İtaliyanın 1,086 milyard dollar, İsveçrənin 764 milyon dollar, Danimarkanın 753 milyon dollar, Avstraliyanın isə 676 milyon dollar olub.

Təhlildə təqdim olunan 20 ölkənin ümumi maliyyə töhfəsi 40,751 milyard dollar təşkil edib.

BMT-nin maliyyələşdirilməsi məcburi üzvlük ödənişləri və könüllü ianələr hesabına həyata keçirilir. Məcburi ödənişlər hesablanarkən ölkələrin iqtisadi imkanları, o cümlədən ümumi milli gəlir, borclanma və adambaşına düşən gəlir nəzərə alınır.

BMT-nin müntəzəm büdcəsində bir ölkənin məcburi ödəniş payı 22%-lə məhdudlaşdırılıb. ABŞ bu həddə çatıb. Sülhməramlı əməliyyatların maliyyələşdirilməsi isə ayrıca hesablama qaydalarına əsaslanır.

Könüllü töhfələr ölkələrə UNICEF və Ümumdünya Ərzaq Proqramı kimi qurumların konkret layihələrini və humanitar proqramlarını dəstəkləməyə imkan verir.

Bununla belə, təşkilata daha çox maliyyə ayırmaq ölkəyə BMT Baş Assambleyasında əlavə səs hüququ vermir. Baş Assambleyanın hər bir üzvü bir səsə malikdir. Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququ isə ayrıca institusional üstünlük yaradır.