Dünyada həkimə ən çox müraciət edən ölkə Cənubi Koreyadır. Burada hər nəfər il ərzində orta hesabla 18 dəfə həkim qəbulunda olur. Yaponiya və Türkiyə isə hər nəfərə düşən 12 müraciətlə reytinqin ikinci və üçüncü pillələrində qərarlaşıb.
Monetar.az OECD-nin səhiyyə statistikası əsasında 40 ölkədə əhalinin həkimə illik müraciət sayını müqayisə edib. Göstəricilərə həm ümumi praktika həkimlərinə, həm də ixtisaslaşmış həkimlərə şəxsən müraciətlər daxildir.
Reytinqdə Niderland hər nəfərə 11 müraciətlə dördüncü, Almaniya və Macarıstan isə 10 müraciətlə beşinci və altıncı yerlərdədir. İtaliya və Litvada bu göstərici 9, Moldova, Monteneqro, Polşa və Belçikada isə 8 təşkil edir.
Türkiyə son illərdə həkimə müraciətlərin artım tempinə görə də diqqət çəkir. Ölkədə hər nəfərə düşən illik müraciət sayı 2000-ci ildə 3 olduğu halda, 5 ildə 12-yə yüksəlib. Bu artım səhiyyə sistemində aparılan islahatlar, tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsi və həkimlərin fəaliyyətinin qiymətləndirilməsi mexanizmləri ilə əlaqələndirilir.
ABŞ-da hər nəfər il ərzində orta hesabla 4 dəfə həkimə müraciət edir. Bu, Cənubi Koreyadakı göstəricidən 4,5 dəfə azdır. Meksikada isə hər nəfərə təxminən 2 müraciət düşür.
İsveç və Finlandiya kimi ölkələrdə də həkimə şəxsən müraciətlərin sayı nisbətən aşağıdır. Bunun səbəblərindən biri ilkin tibbi yardımda tibb bacılarının daha geniş rol oynamasıdır. Onlar bəzi xroniki xəstəliklərin izlənilməsi və yüngül sağlamlıq problemlərinin həlli ilə məşğul olduqları üçün bu hallarda həkim qəbuluna ehtiyac azala bilər.
Həkimlərin əməkhaqqı sistemi də müraciət sayına təsir edən amillərdəndir. Xidmət başına ödənişin geniş yayıldığı ölkələrdə həkimlərin daha çox pasiyent qəbul etməsi üçün maliyyə stimulları yarana bilər. Bununla belə, bu amil ölkələr arasındakı fərqləri təkbaşına izah etmir.
Məlumatlarda əksər ölkələr üzrə məsafədən tibbi konsultasiyalar nəzərə alınmır. Buna görə də bəzi dövlətlərdə ümumi tibbi müraciətlərin sayı reytinqdə göstəriləndən yüksək ola bilər.
Qeyd edək ki, həkimə daha çox müraciət edilməsi avtomatik olaraq səhiyyə xidmətlərinin daha keyfiyyətli olması demək deyil. Göstəricilər həm də tibbi xidmətlərin təşkili, maliyyələşdirilməsi və əhalinin həkimə çıxış imkanlarındakı fərqləri əks etdirir.