Azərbaycan kompüter bacarıqları reytinqində 76-cı yerdədir

 Azərbaycan kompüter bacarıqları reytinqində

 Azərbaycan 15 yaşlı şagirdlərin hesablama və məntiqi problemləri həll etmək bacarıqlarına görə beynəlxalq reytinqdə 76-cı yeri tutub. Ölkənin orta nəticəsi 388 bal təşkil edib. Eyni nəticəni göstərən Qırğızıstan da reytinqdə 77-ci sırada qərarlaşıb.

Monetar.az -ın OECD-nin PISA qiymətləndirməsinin nəticələri əsasında hazırladığı siyahıda ümumilikdə 85 ölkə və iqtisadiyyat yer alıb.

Reytinqdə Azərbaycanın qonşusu Ermənistan 354 xalla 83-cü, Kosovo 359 xalla 81-ci, Livan isə 358 xalla 82-ci yerdədir.

Siyahının son pillələrində Paraqvay 352 xalla 84-cü, Keniya isə 278 xalla 85-ci olub. Dominikan Respublikası 379 xalla 78-ci, Mərakeş 374 xalla 79-cu, Qvatemala isə 369 xalla 80-ci yerdə qərarlaşıb.

Müqayisə üçün, OECD ölkələri üzrə orta nəticə 500 baldır. Azərbaycanın göstəricisi bu səviyyədən 112 bal aşağıdır.

Qiymətləndirmə şagirdlərin yalnız kompüterdən istifadə bacarıqlarını deyil, həm də məntiqi düşünmə, modelləşdirmə və alqoritmik yanaşma vasitəsilə problemləri həll etmək qabiliyyətlərini ölçür.