«Windows 11» istifadəçiləri «26H2» versiyasına keçdikdən sonra köhnə proqramların işləməməsindən şikayətləniblər. Bu barədə İtaliyanın «IlSoftware» nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, sistem administratorları bəzi tətbiqlərin işə salınması üçün zəruri olan «.NET Framework 3.5» komponentinin əlçatmazlığı ilə üzləşiblər. Nəticədə əvvəllər problemsiz işləyən proqramlar sözügedən komponentin quraşdırılmasını tələb etməyə başlayıb. Bununla belə, problemin nə qədər geniş yayıldığı hələlik məlum deyil.
Portalın jurnalisti Mikele Nazi bildirib ki, xəta ilə bağlı məlumatlar əsasən köhnə uçot sistemlərindən, istehsalat proqram təminatından və avadanlıqlara texniki xidmət göstərmək üçün nəzərdə tutulan alətlərdən istifadə edən təşkilatlardan daxil olur. Proqramların işləməməsi ilə bağlı şikayətlər «26H2» yeniləməsinin quraşdırılmasından sonra ortaya çıxıb.
Problemin dəqiq səbəbi hələ müəyyən edilməyib. Nəşrin müəllifləri vurğulayıblar ki, mövcud məlumatlar əsasında «Windows 11 26H2» versiyasının bütün kompüterlərdə köhnə proqramların fəaliyyətini dayandırdığını iddia etmək mümkün deyil.
Qeyd edək ki, daha əvvəl «How-To Geek» nəşrinin jurnalistləri «Windows» əməliyyat sisteminin işini yaxşılaşdırmaq üçün bəzi daxili proqram və xidmətlərin söndürülməsini tövsiyə ediblər. Mütəxəssislər istifadə edilmədiyi təqdirdə «Copilot» və «OneDrive» xidmətlərinin deaktiv edilməsini təklif ediblər.
MONETAR.AZ