Azərbaycanda dotasiya alan rayon qalmayacaq

Azərbaycanda dotasiya alan

2027-ci ildə Azərbaycanda 67 şəhər və rayonun hamısının yerli xərclərini öz gəlirləri hesabına qarşılaması nəzərdə tutulur. Beləliklə, gələn il heç bir şəhər və rayonun yerli büdcəsinin balanslaşdırılması üçün dövlət büdcəsindən dotasiya almasına ehtiyac olmayacağı proqnozlaşdırılır.

Monetar.az xəbər verir ki, bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Azərbaycanda şəhər və rayonların yerli xərclərini öz gəlirləri hesabına maliyyələşdirməsi təcrübəsi əvvəlki illərdə də mövcud olub. Lakin son illərdə dövlət büdcəsindən dotasiya alan ərazilərin sayının azalması diqqət çəkir.

10 il əvvələ qədər ölkənin əksər şəhər və rayonları yerli xərclərini qarşılamaq üçün dövlət büdcəsindən maliyyə yardımı alırdı. 2017–2020-ci illərdə isə yerli gəlirlərin artırılması və büdcə imkanlarının genişlənməsi nəticəsində öz xərclərini müstəqil maliyyələşdirən şəhər və rayonların sayı artmağa başlayıb.

2021-2024-cü illərdə də bu tendensiya davam edib. Sonrakı dövrdə isə dövlət büdcəsindən dotasiya alan şəhər və rayonların sayı daha da azalıb.

2026-cı ildə 67 şəhər və rayondan 66-sının yerli xərclərini öz gəlirləri hesabına qarşılaması nəzərdə tutulmuşdu. Xocavənd rayonunun yerli gəlir və xərclərinin tənzimlənməsi üçün isə dövlət büdcəsindən 847 min manat ayrılması planlaşdırılmışdı.

2027-ci il üçün hazırlanan büdcə layihəsində isə bütün 67 şəhər və rayonun yerli xərclərini öz gəlirləri hesabına ödəməsi proqnozlaşdırılır.

Yerli büdcələrin gəlirləri əsasən vergilər, rüsumlar və digər daxilolmalar hesabına formalaşır. Bu vəsaitlər yerli büdcələr üzrə nəzərdə tutulan xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Xatırladaq ki, 2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.