“Microsoft” korporasiyası Vatikanın Müqəddəs Pyotr Bazilikasının idarəedici qurumu olan Fabbrica di San Pietro-nun sifarişi ilə hazırlanan Michelangelus şrift ailəsini Microsoft 365 kataloquna daxil edib. Layihə İntibah dövrünün məşhur rəssam və heykəltəraşı Mikelancelo Buonarrotinin şəxsi məktublarından, arxiv sənədlərindən və imzasında istifadə etdiyi xəttatlıq üslubundan ilhamlanaraq hazırlanıb.
İtaliyanın Studiogusto dizayn studiyası tərəfindən işlənilən şrift ənənəvi əlyazma üslubunun birbaşa təqlidi deyil. Humanist serif prinsipləri əsasında yaradılan dizayn həm rəqəmsal ekranlarda, həm də çap materiallarında oxunaqlılığı qorumaqla Mikelancelonun yazı üslubunun vizual xüsusiyyətlərini müasir sənədlərə uyğunlaşdırır.
Şriftin kiçik hərfləri Vatikan və Florensiyadakı Casa Buonarroti arxivlərində saxlanılan 300-dən çox şəxsi məktubun, eləcə də sənətkarın imzasının öyrənilməsi əsasında hazırlanıb. Böyük hərflərin dizaynında isə Mikelancelonun sənədlərində tam əlifba nümunəsinin qorunmaması səbəbindən onun monumental heykəltəraşlıq və memarlıq əsərlərindəki latın yazılarından istifadə edilib.
Michelangelus şrift ailəsinə dörd əsas üslub daxildir: Regular, Regular Italic, Bold və Bold Italic. Microsoft-un məlumatına görə, müxtəlif üslub variantları, liqaturalar və xüsusi işarələr daxil olmaqla, kolleksiyada 2 000-dən çox qlif yer alır.
Layihə Müqəddəs Pyotr Bazilikasının 1626-cı ildə baş tutmuş təqdis mərasiminin 400 illiyinə həsr olunub. Yubiley tədbirləri çərçivəsində Roma Papası XIV Levın iştirakı ilə xüsusi mərasimin keçirilməsi də nəzərdə tutulur.
Şriftin 1.10 versiyası oktyabrın 6-dan etibarən Windows və Mac istifadəçiləri üçün Microsoft Download Center vasitəsilə ödənişsiz yükləməyə təqdim edilib. İlin sonunadək onun Microsoft Word, PowerPoint və Excel proqramlarının şrift menyularına da əlavə olunması planlaşdırılır.
Michelangelus layihəsi tarixi və mədəni irsin rəqəmsal məhsullara inteqrasiyasının nümunələrindən biri kimi diqqət çəkir. Bu cür təşəbbüslər texnologiya şirkətlərinə proqram təminatının funksional imkanlarını genişləndirməklə yanaşı, istifadəçilərə mədəni irslə əlaqəli yeni dizayn vasitələri təqdim etmək imkanı yaradır.
MONETAR.AZ