Azərbaycanda tikinti xərcləri ilin əvvəlindən 10,2% artıb. Bununla belə, sentyabr ayında tikinti bazarında qiymətlər əvvəlki ayla müqayisədə dəyişməyib.
Monetar.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) açıqladığı məlumata görə, 2026-cı ilin sentyabr ayında Tikinti İndeksi 110,2 bənd təşkil edib. 2025-ci ilin dekabr ayı 100 bəndlik baza səviyyəsi kimi götürüldüyündən hazırkı göstərici tikinti xərclərinin həmin dövrlə müqayisədə 10,2% yüksəldiyini göstərir.
Avqust ayında 3,1%-lik aylıq artım qeydə alınsa da, sentyabrda indeks sabit qalıb. Palatanın hesablamalarında istifadə edilən müqayisə mövqelərinin heç birində qiymət dəyişikliyi baş verməyib.
Tikinti xərclərinin artımında əsas pay materiallara məxsusdur. AQP-nin hesablamasına görə, indeksdəki 10,2 bəndlik artımın 8,2 bəndi, başqa sözlə, 81%-i tikinti materiallarının payına düşür. Əməkhaqqının təsiri 1,6 bənd, maşın və mexanizmlərin payı isə 0,4 bənd olub.
Sentyabr ayı üzrə monitorinqdə armaturun bir tonunun qiyməti 1 100–1 300 manat, M200–M400 markalı betonun bir kubmetrinin qiyməti 85–105 manat, sementin kisəsi isə 7–9 manat arasında göstərilib. Qumun bir tonu 25 manat olub. Fəhlələrin günlük əməkhaqqı 50–80 manat, ustaların əməkhaqqı isə 100 manat səviyyəsində qeydə alınıb.
Digər tikinti xərclərində də dəyişiklik olmayıb. Taxtanın bir kubmetri 380 manat, tamet işinin bir kvadratmetri 8 manat, ekskavatorun günlük icarəsi 300 manat, kranın icarəsi 250 manat, beton nasosunun icarəsi isə 200 manat təşkil edib.
Palatanın hesablamasına əsasən, ümumi sahəsi 10 min kvadratmetr olan 16 mərtəbəli yaşayış binasının torpaq sahəsi nəzərə alınmadan tikinti maya dəyəri bir kvadratmetr üçün 409,3 manatdır. Liftlər, mühəndis sistemləri, ƏDV, maliyyələşdirmə, kommunal qoşulma haqları və torpaq dəyəri də nəzərə alındıqda, müasir yaşayış kompleksinin tam hazır vəziyyətdə tikintisinin indikativ xərci təxminən 850 manat/kvadratmetr təşkil edir.
AQP-nin məlumatında diqqət çəkən digər məqam tikinti xərclərinin ümumi inflyasiyadan daha sürətlə artmasıdır. Sentyabrda illik inflyasiya 5,5% olduğu halda, tikinti indeksi ilin əvvəlindən 10,2% yüksəlib.
2026-cı ilin yanvar–avqust aylarında əsas kapitala 12,68 milyard manat investisiya yönəldilib. Real ifadədə 10%-lik artım qeydə alınıb. Palata investisiya fəallığını material qiymətlərinin aşağı düşməsini məhdudlaşdıra bilən amillərdən biri kimi qiymətləndirir.
AQP payız aylarında tikinti qiymətlərinin avqust səviyyəsində qalacağını gözləyir. Bununla belə, inflyasiyanın tikinti materiallarının qiymətlərinə təsiri bazar üçün əsas risklərdən biri olaraq qalır.