Kanada Avropa ilə əlaqə qurmaq üçün sualtı kabel çəkməyi planlaşdırır

Kanada Avropa ilə əlaqə qurmaq üçün sualtı kabel

Kanada hökuməti Şimali Amerikanı ABŞ ərazisindən və infrastrukturundan yan keçməklə birbaşa Avropa ilə birləşdirəcək 4 500 kilometrlik transatlantik sualtı fiber-optik kabel xəttinin tikintisini və maliyyələşdirilməsini nəzərdən keçirir. Bloomberg agentliyinin məlumatına görə, layihənin dəyəri 620 milyon dolları ötə bilər.

Kabel xəttinin Kanada ilə Norveç arasında çəkilməsi planlaşdırılır. Layihənin əsas məqsədi məlumatların ötürülməsi zamanı ABŞ-ın magistral şəbəkələrindən asılılığı azaltmaq və alternativ rəqəmsal rabitə marşrutu yaratmaqdır.

Layihənin təşəbbüskarı sualtı kabel infrastrukturu sahəsində fəaliyyət göstərən Norveçin Bulk şirkətidir. Məlumata görə, şirkətin 65%-lik nəzarət səhm paketi Kanadanın Sun Life Financial şirkətinin törəmə strukturuna məxsusdur. Layihəyə Kanadanın bir sıra iri pensiya fondları da investisiya qoyub. Təşəbbüs sentyabr ayında Kanada hökumətinin təşkil etdiyi Qlobal İnvestorlar Sammitində təqdim edilib.

Layihənin dəqiq marşrutunun müəyyənləşdirilməsi istiqamətində Avropa İttifaqı və Kanada arasında müzakirələr aparılır. İlk rəsmi addım kimi oktyabrın 29-da Monrealda birgə bəyanatın imzalanması gözlənilir. Sənəddə Avropa, Kanada və Asiya arasında rəqəmsal əlaqələrin yeni sualtı kabel infrastrukturu vasitəsilə yaxşılaşdırılması imkanlarının araşdırılması nəzərdə tutulur.

Kanadanın belə bir layihəyə marağının əsas səbəblərindən biri rəqəmsal infrastrukturun təhlükəsizliyini və müstəqilliyini gücləndirmək istəyidir. Hazırda ölkənin xarici rabitə imkanlarının əhəmiyyətli hissəsi ABŞ üzərindən keçən şəbəkələrlə bağlıdır. Bu asılılığın azaldılması rabitə xətlərinin dayanıqlığını artırmaq və məlumatların ötürülməsi üçün alternativ marşrut yaratmaq baxımından əhəmiyyət daşıyır.

Mövcud infrastrukturun mülkiyyət strukturu da diqqət çəkir. Məsələn, Kanadanı Yaponiya ilə birləşdirən “Topaz” sualtı kabeli ABŞ-ın “Alphabet” şirkətinə məxsusdur. Bu amil rəqəmsal infrastrukturun mülkiyyətinin və idarə edilməsinin milli təhlükəsizlik baxımından əhəmiyyətini ön plana çıxarır.

Yeni kabel xətti reallaşarsa, Kanada ilə Avropa arasında məlumat mübadiləsi üçün əlavə imkanlar yaranacaq. Bu, hökumət məlumatlarının və biznes kommunikasiyalarının ötürülməsində alternativ kanal formalaşdırmaqla yanaşı, kibertəhlükəsizlik risklərinin idarə olunmasına və rəqəmsal suverenliyin gücləndirilməsinə də töhfə verə bilər.

Bununla belə, layihənin yekun dəyəri, dəqiq marşrutu və maliyyələşdirmə mexanizmi üzrə qərarlar hələ qarşıdakı mərhələlərdə müəyyənləşdirilməlidir.

MONETAR.AZ