Rumıniya Mərkəzi Bankı əsas faiz dərəcəsini 6,5 faizdə saxlayıb

Rumıniya Mərkəzi Bankı əsas faiz dərəcəsini

Rumıniya Milli Bankının İdarə Heyəti oktyabrın 8-də keçirilən iclasda baza faiz dərəcəsini illik 6,50% səviyyəsində saxlamaq barədə yekdilliklə qərar qəbul edib. Qərar bankın iclas protokolunda əksini tapıb.

Mərkəzi bank inflyasiya üçün hədəf dəhlizini 1,5–3,5% səviyyəsində müəyyən edib. Faiz dərəcəsinin dəyişdirilməməsi inflyasiya təzyiqləri ilə iqtisadi fəallığın zəifləməsi arasında tarazlığın qorunması məqsədi daşıyır.

Protokola əsasən, illik inflyasiyanın 2026-cı ilin sonu üçün nəzərdə tutulan 6,1%-lik proqnozu üstələyəcəyi gözlənilir. İnflyasiyanın artmasına təsir edən amillər sırasında Rumıniya leysininin (RON) zəifləməsi və qlobal bazarlarda neft və digər enerji daşıyıcılarının bahalaşması nəticəsində yaranan təklif təzyiqləri göstərilir.

Rumıniya Milli Bankı milli valyutanın məzənnəsi ilə bağlı risklərin yüksək olaraq qaldığını bildirib. Buna qlobal bazarlarda riskdən yayınma meylləri, ölkənin dövlət büdcəsi və cari əməliyyatlar hesabında kəsirləri, eləcə də daxili siyasi qeyri-müəyyənliklər təsir göstərir.

Dövlət büdcəsi və cari əməliyyatlar hesabının eyni vaxtda kəsir verməsi iqtisadiyyatda “ikili kəsir” riski kimi qiymətləndirilir. Belə şəraitdə xarici maliyyələşməyə ehtiyacın artması və milli valyutaya təzyiq güclənə bilər.

Rumıniya Mərkəzi Bankının qərarı inflyasiyanın yüksək qalması və iqtisadi artımın zəifləməsi arasında tarazlıq yaratmaq cəhdini əks etdirir. Yaxın dövrdə faiz siyasətinin istiqaməti enerji qiymətlərinin dinamikasından, milli valyutanın məzənnəsindən və inflyasiyanın faktiki göstəricilərindən asılı olacaq.

MONETAR.AZ